BMT: Avropada qaçqınların qəbulu sistemi işləmir

BMT: Avropada qaçqınların qəbulu sistemi işləmir
# 26 avqust 2015 22:52 (UTC +04:00)

Bakı-APA. Avropada qaçqınların qəbulunun təşkilində ciddi problemlər mövcuddur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı Antoniu Qutyerreş bəyan edib.

“Avropada qaçqınların qəbulu sistemi işləmir. Miqrant axınının qarşısını “divar”larla almaq mümkün deyil. Qapınızı bağlayacaqsınız, pəncərənizi açacaqlar, pəncərəni bağlayacaqsınız, tunel qazacaqlar. Müdafiəyə ehtiyacı olanlara Avropaya qanuni şəkildə daxil olmaq üçün imkanlar yaradılmalıdır”, deyə A. Qutyerreş bildirib.

Onun sözlərinə görə, qeyri-qanuni miqrantlar və qaçqınların qəbulu üçün müvafiq mərkəzlər yaradılmalıdır: “Burada qaçqınlar qeydiyyatdan keçməli, onların müraciətlərinə diqqətliklə baxılmalıdır. Həmçinin qaçqınlara tibbi və humanitar yardım göstərilməli və yaşamaq üçün müvəqqəti sığınacaq yerləri verilməlidir”.

BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarı əlavə edib ki, Avropa ölkələri bu məsələ ilə bağlı Yunanıstan və İtaliya ilə yanaşı həmrəylik nümayiş etdirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR