İran Natanzdakı nüvə obyektində yeni sentrifuqalar quraşdırıb

İran Natanzdakı nüvə obyektində yeni sentrifuqalar quraşdırıb
# 21 fevral 2013 21:41 (UTC +04:00)

Bakı-APA. Nüvə Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bəyan edib ki, İran Natanz şəhərindəki nüvə obyektində yeni nəsil sentrifuqalar quraşdırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi agentliyin hesabatına istinadən məlumat yayıb.

AEBA-nın hesabatına əsasən, İran mütəxəssisləri nüvə obyektində 180 ədəd “IR-2” sentrifuqa və sentrifuqalar üçün nəzərdə tutulmuş korpuslar quraşdırıb. “İlk dəfə olaraq İran “IR-1” sentrifuqalardan daha mükəmməl sayılan “IR-2” sentrifuqalar quraşdırıb”, deyə hesabatda bildirilir. Müfəttişlərin əldə etdiyi məlumata görə, yeni nəsil sentrifuqalar fevralın 6-dan quraşdırılmağa başlanıb.

ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR