BAXCP xilaskar türk əsgərlərini anıb - FOTO

BAXCP xilaskar türk əsgərlərini anıb - <span style="color: red;">FOTO
# 24 aprel 2013 10:29 (UTC +04:00)

Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) rəhbərliyinə daxil olan şəxslər bu gün Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad edilməsi zamanı həlak olan türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidəsini ziyarət ediblər. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, türk əsgər və zabitlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyan BAXCP yetkililəri istiqlal şəhidlərini hörmətlə anıblar.

Ziyarətçilər qarşısında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın erməni hərbi birləşmələrindən azad edilməsində iştirak edən qəhrəman türk əsgərlərinin rəşadətinin heç zaman unudulmayacağını bildirib: “Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımın qarşısını alan, istiqlal mücadiləmizə dəstək verən qəhrəman türk əsgər və zabitlərinin xatirəsi hər zaman əziz tutulacaq, könüllərdə yaşayacaqdır. 1918-ci il hadisələri, erməni hərbi birləşmələri tərəfindən on minlərlə dinc müsəlman türkün və bu torpaqlarda yaşayan digər milli azlıqların təmsilçilərinin qətlə yetirilməsi, qəhrəman Türk əsgər və zabitlərinin rəşadəti nəticəsində törədilən amansız cinayətlərin qarşısının alınması sübuta yetirir ki, Türklər bütün dövrlərdə yalnız xilaskar missiyasını yerinə yetiriblər. Tarix və onun bu günə kimi qorunan təkzibolunmaz faktları ermənilərin Türkiyə və Azərbaycan türklərinə qarşı düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı siyasətidir. Türk əsgər və zabitləri isə öz soydaşları ilə yanaşı bu coğrafiyada yaşayan digər millətləri də erməni zülmündən xilas ediblər”.

BAXCP sədri qondarma iddiaların uzun müddət ayaq tutub yeriyəcəyinə inanmadığını da dilə gətirib.

Q.Həsənquliyev çıxışının sonunda xilaskar Türk əsgərlərinin xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğulayıb: "Bakının mərkəzi meydanlarından birində Nuru paşaya və xilaskar türk əsgərlərinə abidə ucaldılmalı və gələcək nəsillər Türkiyə və Azərbaycan türklərinin tarixi birliyindən, eləcə də insanlıq naminə canını fəda edən qəhrəmanlardan örnək götürməlidirlər".

Qeyd edək ki, hər il aprelin 24-nün Xilaskar Türk Əsgərinin Anım Günü kimi qeyd olunması təşəbbüsü ilə ilk dəfə 2005-ci ildə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. O gündən etibarən BAXCP üzvləri hər il aprelin 24-də bu günü qeyd edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR