«Azercell Telekom»un abunəçi bazası son bir ildə 5% genişlənib

«Azercell Telekom»un abunəçi bazası son bir ildə 5% genişlənib
# 06 fevral 2013 12:36 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telekom» şirkətinin abunəçilərinin sayı son bir ildə 4,8% artıb. «APA-Economics»in məlumatına görə, bu barədə şirkətin 2012-ci ilin yekunlarına dair bu gün keçirdiyi mətbuat konfransında bildirilib.

Tədbirdə qeyd olunub ki, əgər 2011-ci ildə «Azercell»in abunəçilərinin sayı 4,2 mln. təşkil edirdisə, 2012-ci ildə bu göstərici daha 200 min artaraq 4,4 mln-a çatıb.

Tədbirdə çıxış edən şirkətin prezidenti Kiril Qaburiç qeyd edib ki, hesabat ilində «Azercell»in ölkə üzrə quraşdırılmış baza stansiyalarının sayı 2 dəfə artıb. Belə ki, təkcə 2012-ci ildə ölkə üzrə 1 000-ə yaxın yeni baza stansiyası quraşdırılıb.

Həmçinin bildirilib ki, 2012-ci il ərzində şirkət dövlət büdcəsinə 90 mln. manat, fəaliyyət göstərdiyi 16 il ərzində isə ümumilikdə 925 mln. manat vergi ödəyib. Azərbaycanda telekommunikasiyanın inkişafına 100 mln. manat, 16 il ərzində ümumilikdə 1 mlrd. manat sərmayə yatırıb.

Bundan başqa, 2012-ci ildə «Azercell» sosial layihələrin icrasına 1,6 mln. manat vəsait xərcləyib.

K.Qaburiç həmçinin bildirib ki, «Azercell» 2013-cü ilə də çox iddialı başlayıb: «Mobil Nömrə Daşınması Xidmətinə tam olaraq hazır olan «Azercell» bu il ərzində ölkədə telekommunikasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda davam edəcək və öz şəbəkəsini və müştəri xidmətlərini daha da təkmilləşdirəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR