Azərbaycan prezidenti Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin rəhbərlərini qəbul edib

Azərbaycan prezidenti Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin rəhbərlərini qəbul edib
# 20 noyabr 2014 13:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxı və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul edib.


APA-nın məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti T. Bax Azərbaycanda həyata keçirilən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, əldə olunan uğurlar münasibətilə dövlət başçısını təbrik edib.


Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirən prezident İ.Əliyev isə ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsindən məmnun olduğunu deyib. Dövlət başçısı qonaqların ölkəmizlə yaxından tanış olması üçün bu cür tədbirlərin yaxşı fürsət yaratdığını bildirib. Bir sıra beynəlxalq tədbirlərin təşkilində ölkəmizin yaxşı təcrübəyə malik olduğunu vurğulayan Azərbaycan prezidenti I Avropa Oyunlarının da uğurla keçiriləcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin önəmi qeyd olunub, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığa verdiyi töhfədən danışılıb, Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görülməsindən məmnunluq ifadə olunub.


Sonra T. Bax Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dövlət başçıları üçün hazırlanmış xatirə medalını prezident İ. Əliyevə təqdim edib.

Azərbaycan prezidenti bu xatirə medalının təqdim olunduğu ilk dövlət başçılarından biridir.


Sonda xatirə şəkli çəkdirilib.


Azərbaycan prezidenti İlham Əliyevin adından Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin şərəfinə ziyafət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR