Yaşıl enerji dəhlizlərinin yaradılması üçün növbəti mərhələdə potensial investorlarla müzakirələrə başlanacaq.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sərhədlərarası enerji layihələrinin həyata keçirilməsi üçün ölkələrin siyasi iradəsinin uzlaşdırılması, ötürücü sistem operatorlarının, tənzimləyici qurumların koordinasiyası və özəl investisiyaların cəlb edilməsi vacibdir.
Nazir müavini qeyd edib ki, layihələrin özəl sektorla bağlı hissəsində investorlar üçün investisiyaların gəlirliliyinin və uzunmüddətli enerji alışı üzrə təminatların təmin edilməsi əsas məsələlərdəndir.
Zeynalov bildirib ki, Mərkəzi Asiya, Xəzər və Qara dəniz regionlarını Avropa ilə birləşdirən layihələr bir-biri ilə rəqabət aparmır, əksinə, bir-birini tamamlayır.
“Bu layihələr bir-biri ilə rəqabət aparmır, onlar bir-birini tamamlayır”, - Orxan Zeynalov vurğulayıb.
Onun sözlərinə görə, növbəti aylardan etibarən layihə üzrə potensial maraqlı tərəflərlə ilkin müzakirələrə başlanacaq. Mərkəzi Asiya istiqamətində isə bu işlərin gələn ildən aparılması nəzərdə tutulur.
Nazir müavini əlavə edib ki, bu layihələrin həyata keçirilməsi üçün uzunmüddətli perspektivi və investorlar üçün aydın gəlirlilik şərtlərini təmin edən mexanizmlərin yaradılması mühüm əhəmiyyət daşıyır.