Naxçıvanın elektrik enerjisinin tamamilə yaşıl mənbələrdən əldə ediləcəyi gün uzaqda deyil.
APA xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Sultanov deyib.
Onun sözlərinə görə, Naxçıvanda yaşıl enerji layihələrinin həyata keçirilməsi regionun enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Naxçıvan strateji baxımdan ölkənin ən həssas nöqtələrindən biridir. Bu kimi layihələr Naxçıvanın enerji təhlükəsizliyində çox böyük rol oynayır”, - Elnur Sultanov deyib.
Nazir müavini qeyd edib ki, Naxçıvanda günəş və digər bərpa olunan enerji mənbələrinin hesabına elektrik enerjisi istehsalının artırılması istiqamətində işlər aparılır.
“Bu il Naxçıvanda əlavə günəş stansiyaları fəaliyyətə keçəcək. İmzalanan müqavilələr və həyata keçirilən layihələr nəzərə alınmaqla, Naxçıvanın bütün elektrik enerjisinin yaşıl mənbələrdən əldə ediləcəyi gün çox da uzaqda deyil”, – o bildirib.
Elnur Sultanov Naxçıvanın Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinin də yaşıl enerjinin daha böyük həcmdə inteqrasiyası üçün imkan yaradacağını vurğulayıb.
Onun sözlərinə görə, Naxçıvandan Türkiyə və daha sonra Avropaya, o cümlədən Bolqarıstana yaşıl enerjinin ötürülməsi Azərbaycanın daha geniş yaşıl enerji dəhlizləri strategiyasının tərkib hissəsidir.
“Biz Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə Avropaya çıxış imkanlarını da araşdırırıq. Azərbaycan üzərindən Avropaya çıxışı təmin edən yaşıl enerji dəhlizlərinin yaradılması istiqamətində işlər aparılır”, – nazir müavini qeyd edib.