Dünya Bankı Azərbaycana 150 mln. dollar həcmində kredit ayırıb

Dünya Bankı Azərbaycana 150 mln. dollar həcmində kredit ayırıb
# 10 iyul 2014 10:18 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Dünya Bankının İcraçı Direktorlar Şurası Azərbaycan üçün ayrılmış iki krediti təsdiqləyib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, birinci borcun məbləği 100 mln. ABŞ dolları təşkil edir və Mütərəqqi Ədliyyə Xidmətləri və Müasir Məhkəmə İnfrastrukturu layihəsinin dəstəklənməsini nəzərdə tutur. Bu layihə hal-hazırda davam etməkdə olan Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsinin təcrübə və uğurlarına əsaslanır və seçilmiş ədliyyə xidmətlərinə çıxışın, bu xidmətlərin şəffaflığının və səmərəliliyinin təkmilləşdirilməsi məqsədini daşıyır.

İkinci borc isə 50 mln. dolları təşkil edir və hal-hazırda icrası davam edən, kiçik miqyaslı infrastrukturun və gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi ilə Azərbaycanda kənd icmalarına yardımı həyata keçirən Azərbaycan Kənd İnvestisiyaları Layihəsinə Əlavə Maliyyələşdirmə üçün nəzərdə tutulub.

DB-nin Cənubi Qafqaz üzrə Regional Direktoru Henri Kerali deyib ki, Azərbaycanda ədliyyə sisteminin müasirləşdirilməsi ölkənin gələcək iqtisadi inkişafında mühüm rol oynaya bilər: “Ədliyyə infrastrukturunun dəstəklənməsi, elektron xidmətlərin tətbiqi, mübahisələrin daha effektiv həlli və müəssisələrin yoxlanması sistemlərinin inkişaf etdirilməsi, ədliyyə sisteminin şəffaflığının artırılması, xüsusilə, əhalinin həssas təbəqələri (məcburi köçkünlər və ucqar regionların sakinləri) daxil olmaqla vətəndaşlara hüquqi yardım xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi ilə bu layihə müsbət transformasiya prosesini dəstəkləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR