“Bank VTB (Azərbaycan)” Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirib

“Bank VTB (Azərbaycan)” Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirib
# 06 noyabr 2015 12:57 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin III rübündə “Bank VTB (Azərbaycan)”ın aktivləri 378 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 30% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, oktyabrın 1-ə bankın kredit portfeli 347 mln. manat olub. Bu da ilin əvvəli ilə müqayisədə 24% artım deməkdir.

“İlin əvvəlindən bankın resurs bazası dinamik artım nümayiş etdirir. Bunu depozit portfelinin artımı təsdiqləyir. Belə ki, 1 oktyabr 2015-ci il tarixinə depozit portfeli 2 dəfədən çox artaraq 60,7 milyon manat təşkil edib. Depozit portfelinin böyük hissəsini fiziki şəxslərin vəsaitləri təşkil edir ki, bu da portfelin stabil olduğunun göstəricisi və əhalinin banka olan etibarının sübutudur. Yaxın vaxtlarda, bank öz filial şəbəkəsini genişləndirməyə və satış məntəqələrini 17-ə çatdırmaq niyyətindədir”, - deyə məlumatda bildirilir.

III rübdə bank vaxtı keçmiş kreditlərin restrukturizasiyası istiqamətində bir sıra tədbirlər həyata keçirib. Əməliyyatların böyük hissəsi dollar kreditlərinin manata restrukturizasiyasının payına düşüb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 11 mln. manatdan çox azalıb.

Həyata keçirilən tədbirlərin müsbət nəticəsi olaraq, III rübdə bankın mənfəəti 8,1 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ili III rübünün maliyyə göstəriciləri Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən verilib.

1 oktyabr 2015-ci il tarixinə milli standartlara görə 1-ci dərəcəli kapital 40 mln. manata qədər artıb, məcmu kapital isə 53 mln. manatı (Mərkəzi Bankın kapitala olan minimal tələbi 50 mln. manatdır) keçib. 1-ci dərəcəli kapitalın və məcmu kapitalının adekvatlığı 11,01% və 15,23% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR