Hesablama Palatası mədəniyyət müəssisələrində əlavə ştatların saxlanmasını müəyyən edib

Hesablama Palatası mədəniyyət müəssisələrində əlavə ştatların saxlanmasını müəyyən edib
# 19 may 2015 15:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Hesablama Palatası rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) inzibati heyətinin və rayonun (şəhərin) ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi üçün ştatların sayının müəyyən edilməsini tənzimləyən normativ sənədlərin mövcud olmamasının həmin sahələrdə əlavə ştat vahidlərinin saxlanmasına şərait yaratmaqla yanaşı, bu məqsədlərə ayrılan büdcə vəsaitlərinin səmərəsiz istifadəsi ilə nəticələndiyini üzə çıxarıb.

APA-nın məlumatına görə, Hesablama Palatası göstərilənləri nəzərə alaraq, habelə büdcədən bu məqsədlərə ayrılmış vəsaitlərin səmərəli istifadəsini təmin etmək üçün rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) inzibati heyətinin və rayonun (şəhərin) ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizəsi üçün ştatların sayını tənzimləyən normativ sənədlərin hazırlanmasını məqsədəmüvafiq sayıb.

Eyni zamanda Hesablama Palatası qeyd edib ki, rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) nəzdində olan muzeylərin, muzey tipli müəssisələrin, mədəniyyət evlərinin və klubların ştat normativləri Azərbaycan SSR Nazirlər Sovetinin “Azərbaycan SSR Mədəniyyət Nazirliyinin mədəniyyət evi, klub və muzeylərinin nümunəvi ştatları haqqında” 1990-cı il 30 iyun tarixli 284 saylı qərarı ilə tənzimlənir. Məlum olduğu kimi, şəhər klubları, kənd mədəniyyət evləri, eləcə də, kənd klubları müasir şəraitdə keçmiş SSRİ dövründən fərqli olaraq yeni funksiyaları yerinə yetirir. Rayon, şəhər, kənd mədəniyyət evlərinin və klublarının bəziləri “Sənətkarlıq mərkəzi”nə, bəziləri “Folklor mərkəzi”nə çevrilib, “Səyyar avtoklublar” ləğv edilib. Bundan əlavə, həmin qərarda ekspozisiya zalında muzey baxıcısı ştatı hər sərgi otağına görə 0,5 vahid hesabı ilə müəyyən edilib ki, bu da hazırkı tələblərə cavab vermir. Həmin qərarda mədəniyyət evlərinin tamaşa zallarında oturacaqların minimum say həddi 200 oturacaq kimi müəyyən olunub. Mədəniyyət müəssisələrinin mövcud zallarında isə həmin sayda müasir oturacaqların yerləşdirilməsi imkan xaricindədir. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri göstərir ki, yuxarıda göstərilənlər bir çox mədəniyyət müəssisələrində əlavə ştatların saxlanması, eləcə də, artıq büdcə vəsaitinin istifadə olunması hallarına imkan yaradır.

Qeyd edilənləri nəzərə alaraq, Hesablama Palatası rayon (şəhər) Mədəniyyət və Turizm şöbələrinin (idarələrinin) nəzdində olan muzeylərin, muzey tipli müəssisələrin, mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların ştat normativlərini və əməyin ödənişi sistemini tənzimləyən normativ sənədlərin müasir tələblərə uyğunlaşdırılmasını məqsədəuyğun hesab edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR