Gürcüstan prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verilib

Gürcüstan prezidenti və xanımının şərəfinə rəsmi ziyafət verilib
# 27 fevral 2013 22:39 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvilinin və xanımı Sandra Elizabet Rulofsun şərəfinə rəsmi ziyafət verilib.

Mərasimdə çıxış edən prezident İlham Əliyev Gürcüstan prezidentinin Azərbaycana səfərinin bir daha ölkələrimiz arasında həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin davamlı xarakter aldığını göstərdiyini bildirib.

Xalqlarımızın ortaq tarixə və mədəni dəyərlərə malik olduğunu deyən dövlət başçısı hazırda ölkələrimizin strateji tərəfdaşlığa əsaslan əlaqələrinin uğurla davam etdiyini diqqətə çatdırıb. “Bu gün Gürcüstan və Azərbaycan təkcə özünü doğrultmuş müstəqil dövlətlər deyil, həm də dinamik inkişaf edən, öz seçimini qoruyan, öz müstəqil inkişaf yolunu, həm regional, həm də qlobal xarakterli məsələlərdə fəal iştirak edən dövlətlərdir”, deyən prezident İlham Əliyev müstəqilliyin ilk illərində ərazi bütövlüyünün pozulması, separatizm halları ilə üzləşən ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini yüksək səviyyədə müdafiə etdiyini bildirib.

İqtisadi sahədə əməkdaşlığın səmərəli olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında həyata keçirilən iri layihələrin əhəmiyyətinə toxunub: «Ölkələrimizdə islahatların həyata keçirilməsində, yeniləşmədə, iqtisadi inkişafda ümumi və oxşar cəhətlər çoxdur. Bizi region çərçivəsindən kənara çıxan qlobal xarakterə malik layihələr də birləşdirir. Gürcüstan və Azərbaycan qlobal xarakter daşıyan enerji və nəqliyyat layihələrinin fəal iştirakçıları kimi qitənin enerji və nəqliyyat təhlükəsizliyi məsələlərində mühüm rol oynayırlar. Ölkələrimiz nə qədər yaxın olsalar, bu rol regionun ümumi inkişafına bir o qədər müsbət təsir göstərəcəkdir. Regionda təhlükəsizlik, sabitlik və əmin-amanlıq cəmiyyətlərin və ölkələrin rifahından daha çox asılıdır. Bu cəhətdən bizim təşəbbüs göstərdiyimiz və uğurla həyata keçirilən layihələr ölkələrimizin həqiqətən müstəqil dövlətlər kimi möhkəmlənməsində mühüm rola malikdir».

Prezident İlham Əliyev son illərdə Gürcüstanda həyata keçirilən islahatların əhəmiyyətindən də danışaraq ölkələr arasında tarix boyu yaranıb formalaşan dostluq əlaqələrinin və səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib: «Azərbaycan üçün Gürcüstan qardaş dövlət və strateji tərəfdaş olmaqla yanaşı, həm də təbii müttəfiqdir. Bunu başa düşmək üçün xəritəyə baxmaq kifayətdir... Azərbaycan Gürcüstan üçün, həmçinin iqtisadi, investisiya və enerji layihələri nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir».

Çıxışına “Mənim üçün Bakıya hər səfər bayramdır” sözləri ilə başlayan prezident Mixeil Saakaşvili qeyd edib ki, Azərbaycan ilə Gürcüstan ortaq tarixi və dəyərləri olan ölkələrdir. Gürcüstan dövlətinin başçısı bir neçə il öncə soyuq qış günlərində qazsız və elektriksiz qalan ölkəsinə Azərbaycandan gələn dost yardımını xatırladı, bununla bağlı qərarına görə bir daha Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. BMT Təhlükəsizik Şurasının üzvü olan Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu deyən Mixeil Saakaşvili bildirib ki, Azərbaycan-Gürcüstan dostluğu dünyada qonşuluq münasibətlərinə bir nümunədir. Dövlət başçısı son illərdə Azərbaycanın böyük inkişaf yolu keçdiyini də diqqətə çatdırıb: «Hətta böyük ehtiyatları olan heç bir ölkə Azərbaycanın elədikləri ilə müqayisəyə gələ bilməz. Niyə? Çünki Azərbaycanın dəqiq kursu, öz müstəqilliyinin dəqiq yolu, istiqaməti, aydın üfüqləri vardır. Düşünürəm ki, tarixi şəxsiyyətlərsiz tarixi qərarlar ola bilməz. Bunun ən gözəl nümunəsi də Azərbaycan dövlətidir. Fikrimcə, Azərbaycan Avrasiyanın mühüm dövlətlərindən və ən tanınmış ölkələrindən biri olacaqdır. Bakı şəhəri bunu aşkar sübut edir. Bakının nə qədər maraq doğurduğunu artıq hamı etiraf edir...».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR