Magistraturaya qəbul zamanı bəzi proqramlar üzrə ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb

Magistraturaya qəbul zamanı bəzi proqramlar üzrə ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb
# 15 may 2015 08:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il Azərbaycanda magistraturaya qəbulun nəticələrinin təhlilini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015/2016-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına müsabiqənin nəticələri may ayının 13-də elan olunub. Müsabiqə nəticəsində ixtisaslaşma seçimində iştirak edən 7179 bakalavrdan 5017 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3286 nəfəri ali təhsil müəssisələrinin builki, 1731 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 2073 nəfərini oğlanlar, 2944 nəfərini isə qızlar təşkil edir.


Bundan əlavə, 2 bakalavr idman sahəsi üzrə, 1 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Magistraturaya qəbul 60 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 6289 plan yerinə 5017 bakalavr (onlardan 2002 nəfəri dövlət sifarişi əsasında) qəbul olub və plan yerləri 79.77% dolub. Ancaq proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, “Neft-qaz mühəndisliyi” ixtisasına aid olan 2 saylı proqram üzrə ayrılmış yerlərin hamısı dolub. 8, 13, 14, 17, 18, 19, 21, 22, 23, 29, 51, 52, 55, 56, 57 və 59 saylı proqramlara ayrılmış plan yerləri də 100% dolub.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı 5, 6, 9, 12, 16, 25, 30, 39, 41, 43, 58 və 60 saylı proqramlar olub ki, onlarda ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb. Həmin proqramlar üzrə olan ixtisaslaşmalar, əsasən, metallurgiya, maşınqayırma, hidrometeorologiya, materialşünaslıq, mexanika və incəsənət sahələri üzrədir.

Qeyd edək ki, boş qalan yerlərə ixtisaslaşma seçimi 2015-ci il iyun ayının 22-dən 28-dək aparılacaq. Bu barədə bakalavrlara həmin ərəfədə ətraflı məlumat veriləcək. Dövlət sifarişi üzrə qəbul olan bakalavrların ali təhsil müəssisələri və ixtisaslaşmalar üzrə paylanması “Magistr” jurnalının 2015-ci il tarixli 5-ci sayında (səh. 39-44) təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR