İran Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə geri dönmək istəmədəyini təsdiqləyib

İran Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə geri dönmək istəmədəyini təsdiqləyib
# 24 fevral 2013 18:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyi ölkəsinin Norveçdəki səfirliyinin əməkdaşının ölkəyə qayıtmaqdan imtina etməsi xəbərinə münasibət bildirib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran xarici siyasət idarəsinin sözçüsü Ramin Mehmanpərəst deyib ki, həmin şəxs şəxsi məsələlər ilə bağlı Oslonu tərk etməyib: “Bu şəxs diplomat deyil, səfirliyin adi bir işçisidir. Artıq onun diplomatik korpusdakı vəzifəsi sona çatıb və yerinə başqası təyin edilib. Həmin şəxs də övladlarının təhsili ilə əlaqədar İrana qayıtmayıb. Hazırda məsələ tərəfimizdən araşdırılır”.

Qeyd edək ki, Norveçin “Dagbladet” qəzeti İranın Oslodakı səfirliyinin diplomatının Norveç hökumətindən siyasi sığınacaq istədiyini yazıb. Qəzet iranlı diplomatın 2012-ci ilin dekabr ayında vəkili vasitəsilə Norveç hökumətinə müraciət etdiyini, ancaq rəsmi Oslonun və bu ölkənin Xarici İşlər Nazirliyinin həmin şəxsin siyasi sığınacaq tələbinə hələlik cavab vermədiyini qeyd edib. Eyni zamanda İran tərəfindən də məsələyə heç bir münasibət bildirmədiyini qeyd edib. "Dagbladet" həmçinin hazırda ailəsi ilə birlikdə Norveçdə yaşayan diplomatın yerinin gizli saxlanıldığını vurğulayıb. Qəzetin yazdığına görə, diplompat ailəsilə birlikdə naməlum ünvana köçürülüb. Norveç hökuməti onun və ailəsinin hazırda harada olduğunu açıqlamır və bunu təhlükəsizlik arqumentilə əsaslandırır. “Radifərda” isə həmin şəxsin İranın Norveçdəki səfirliyində ikinci katib işləmiş və maliyyə məsələlərindən məsul olmuş Məhəmmədrza Zare olduğunu və diplomatik missiyası başa çatsa da, ölkəsinə qayıtmaqdan imtina edərək Norveç hökumətindən siyasi sığınacaq istədiyini yazıb.

Xatırladaq ki, bu, son 4 ildə İranın Avropa ölkələrindən siyasi sığınacaq istəyən beşinci diplomatıdır. Bundan əvvəl, 2010-ci ilin yanvarında İranın Oslodakı baş konsulu Məhəmmədrza Heydəri, 2010-cu ilin sentyabrında İranın Finlandiyadakı səfirliyinin ikinci katibi Hüseyn Əlizadə, 2010-ci ilin sentyabrında İranın Belçikadakı səfirliyinin ikinci katibi Fərzad Fərhəngiyan və 2010-cu ilin dekabrında İranın Milandakı baş konsulu Əhməd Məliki tutduqları vəzifələrindən istefa veriblər. Buna səbəb İranda 2009-ci ildə Mahmud Əhmədinejadın qələbəsi ilə nəticələnmiş prezident seçkilərinə etiraz olaraq keçirilmiş aksiyaların xüsusi qəddarlıqla yatırılması, nümayişçilərə divan tutulması, qətlə yetirilməsi, kütləvi həbslərin həyata keçirilməsi və s. olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR