İsveçrəli və ukraynalı idmançılar Bakı 2015 Avropa Oyunları Dağ Velosipedi sınaq yarışında qələbə qazanıblar - FOTO

İsveçrəli və ukraynalı idmançılar Bakı 2015 Avropa Oyunları Dağ Velosipedi sınaq yarışında qələbə qazanıblar - <span style="color: red;">FOTO
# 20 oktyabr 2014 16:20 (UTC +04:00)

Bakı - APA. İsveçrəli idmançı Martin Fanqer və Ukraynalı idmançı Yana Belomoynanın qələbə qazanması ilə Bakı 2015 Avropa Oyunlarının Dağ Velosipedi idman növü üzrə keçirilmiş sınaq yarışı böyük uğur qazanıb.

APA-nın xəbərinə görə, kişi velosipedçilər arasında keçirilmiş yarışda 26 yaşlı Fanqer 1 saat, 37 dəqiqə, 52 saniyə göstərici ilə önə keçərək qızıl medal qazanıb. Onun həmyerlisi Mark Ştuzmann və yunanıstanlı Dimitrios Antoniadis isə müvafiq olaraq ikinci və üçüncü pillələrdə qərarlaşıblar.

21 yaşlı Belomoyna küləkli hava şəraitində güclü performans göstərərək 1 saat 24 dəqiqə 46 saniyə ilə finişi 1-ci keçib. Sonrakı iki yeri İsveçrəli idmançılar Katrin Stirnemann və Linda İnderqand tutub.

Kişi velosipedçilərin yarışında dünyanın 35-ci ən yaxşı dağ velosipedi idmançısı olan Fanqer yarışa favorit idmançı kimi başlayıb. O, sınaq yarışını yüksək qiymətləndirib: “Yol yaxşıdır. Bəzi texniki hissələr və yaxşı enişlər var, ancaq külək bəzən problemlər yaradırdı. Qum və çınqıl ilə getmək elə də asan deyildi - bəzi künclər çox texnikidir. Təşkilatçılıq yüksək səviyyədədir. Sınaq yarışlarının bu cür keçirilməsi vacibdir və bu sınaq yarışı mənim yadımda uzun müddət qalacaq”.

Dünyanın 22-ci ən yaxşı Dağ velosipedi idmançısı olan Belomoyna qələbəsinin ardınca bu sözləri deyib: “Yol və təşkilatçılıq yüksək səviyyədədir, ancaq küləkli hava bəzi problemlər yaratdı. Bununla belə, özümü yaxşı hiss edirəm və düşünürəm ki, bu sınaq yarışı 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlaşmaq üçün məndə stimul yaradacaq”.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru Pirs O`kallahan qeyd edib ki, Dağ Velosipedi üzrə keçirilmiş sınaq yarışı gələn il baş tutacaq I Avropa Oyunlarına mükəmməl şəkildə hazırlaşmaq üçün çox gözəl yarışdır: “Sözügedən yarış burada bu günədək keçirilmiş ilk beynəlxalq dağ velosipedi sınaq yarışı və ölkədə yalnız ikinci dağ velosipedi sınaq yarışı olduğundan böyük uğur hesab edilir. Biz gələn il baş tutacaq Oyunlardan qabaq yolu yenidən nəzərdən keçirib təkmilləşdirəcəyik ki, idmançılar öz imkanlarını göstərə bilsinlər. İlk üç yeri qazanmış idmançıları təbrik edir və onları gələn il bir daha burada salamlamağa ümid edirik”.

Avropa Velosiped idmanı Birliyinin Dağ velosipedi üzrə texniki nümayəndəsi Tieri Merikal bildirib ki, idmançılar üçün yeni və çətin şərtlərin mövcud olduğu məkanda keçirilən Bakı Hazırlıqları sınaq tədbiri mükəmməl yarış idi: “Hər iki yarış kifayət qədər əyləncəli idi və biz tədbirin hərtərəfli və professional təşkilindən çox razı qaldıq”.

Bakı 2015-də Velosiped idmanın hər 3 bölməsi üzrə Rio 2016 Olimpiya Oyunları üçün reytinq xalları veriləcək.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR