Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir

Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir
# 20 aprel 2015 10:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən etibarən Azərbaycanda İmmunlaşdırma Həftəsinə başlanır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, İmmunlaşdırma Həftəsi 20-25 aprel tarixlərini əhatə edəcək.

2007-ci ildən başlayaraq Azərbaycan ÜST-ün Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi (AİH) keçirmək təşəbbüsündə iştirak edir. AİH təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.

İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda qızılca və məxmərək peyvəndini almamış əksər yaşlı əhalinin bu xəstəliklərə qarşı immunlaşdırılması planlaşdırılır. QM (qızılca və məxmərək əleyhinə) peyvənd rayonlarda Rayon Mərkəzi Xəstaxanasının poliklinika şöbəsinə, şəhərlərdə isə böyüklər üçün poliklinikalara paylanılıb. Peyvənd olunmaq üçün məhz bu müəssisələrə müraciət etmək lazımdır.

Həftə ərzində poliomielitə qarşı inaktivləşdirilmiş peyvəndinin (IPV) tətbiqinə hazırlıq işləri, Bakı, Gəncə və Şəki şəhərlərində konfransların keçirilməsi, tibbi işçilər üçün təlimatın hazırlanması və təlimlərin aparılması nəzərdə tutulur. İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcək.

20-25 aprel tarixlərində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq. Bu il AİH siyasi, peşə və şəxsi səviyyələrdə immunlaşdırma üzrə öhdəliklərin yeniləşməsi və daha da güclənməsinə yönəlib. Regionda bu il AİH çərçivəsində dəyirmi masa müzakirələri, seminarlar, konfranslar və təlimlər nəzərdə tutulub. İmmunlaşdırma proqramı üzrə maraqlı tərəflər bir araya gələrək bir sıra mövzular, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin ləğvi, poliomielitdən azad ərazi statusunun saxlanılması, yeni peyvəndlərin tətbiqi, peyvəndlərin təhlükəsizliyi və invaziv bakterial xəstəliklər üzərində nəzarət haqqında müzakirələr aparacaq.

Dünya İmmunlaşdırma Həftəsi (DİH) icmaların immunlaşdırmaya aid məlumat və təlabatının artmasına, eləcə də peyvəndin əhaliyə çatdırılması xidmətlərinin yaxşılaşdırmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün qlobal, regional və milli səylərin gücləndirilməsinə siqnal olacaq. Builki kampaniya immunlaşdırmada olan boşluqların aradan qaldırılması və peyvəndlərin əhatə səviyəsinin hər yerdə yüksək olmasına diqqəti yönəldir, bu da Qlobal Peyvənd Fəaliyyət Planında əks olunan bütün icmalarda insanların peyvənd almaq imkanını tam təmin etmək yolu ilə 2020-ci ilə qədər milyonlarla ölüm hallarının qarşısını alınması deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR