Azərbaycan Ermənistanın hava məkanını tam nəzarətdə saxlayır - ARAŞDIRMA

Azərbaycan Ermənistanın hava məkanını tam nəzarətdə saxlayır - <span style="color: red;">ARAŞDIRMA
# 28 yanvar 2013 13:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. 2005-ci ildən başlayaraq Azərbaycan hökumətinin Silahlı Qüvvələrin inkişafı proqramı çərçivəsində əsas diqqət yetirdiyi sahələrdən biri də hava hücumundan müdafiə (HHM) sisteminin müasirləşdirilməsi və imkanların artırılması olub.

APA-nın apardığı araşdırmalara görə, ötən 7 ildə Azərbaycan hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi istiqamətində bir neçə əhəmiyyətli proqram həyata keçirib. Eyni zamanda müasir texniki vasitələr və sistemlər alınaraq silahlanmaya qəbul olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan HHM sistemi sovetlər birliyi dönəmində Cənubi Qafqaz hava hücumundan müdafiə sisteminin əsasını təşkil edib. Respublika ərazisində SSRİ dönəmində dövrün ən müasir HHM sistemləri yerləşib, bu sistemlər keçmiş ittifaqın İran və Türkiyə istiqamətindən cənub sərhədlərini mühafizə edib. O zaman bu sistemin tərkibinə dövrün müasir zenit-raket kompleksləri, qırıcı-tutucu təyyarələr, 1986-cı ildən isə Qəbələ radiolokasiya stansiyası daxil olub.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda Silahlı Qüvvələrin tərkibində Hava Hücumundan Müdafiə Qoşunları yaradılıb. Adıçəkilən qoşunlar Hərbi Hava Qüvvələri ilə eyni komandanlıqda birləşib.

Azərbaycan HHM sistemi I Qarabağ müharibəsində aktiv iştirak etməyib. Buna səbəb kimi I Qarabağ müharibəsində Ermənistanın hərbi aviasiyadan məhdud istifadə etməsi göstərilir. Qarabağ cəbhəsində bu dövrdə əsasən zenit topları və portativ zenit-raket komplekslərindən istifadə edilib.

Satınalmalar

APA-nın məlumatına görə, modernləşmə proqramları ilə yanaşı, ötən dövrdə Azərbaycan xarici ölkələrdən yeni zenit-raket komplekslərinin satın alınmasını həyata keçirib.

Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion S-300 kompleksi və 112 ədəd 48N6U2/SA-10E raketi əldə edib. Rusiya ilə imzalanmış bu müqavilənin dəyərinin 300 milyon ABŞ dollarından çox olduğu bildirilir və müqavilə üzrə daha bir S-300 divizionunun alınacağı söylənilməkdədir. Rusiyadan satın alınmış S-300 kompleksi ilk dəfə ictimaiyyətə 2011-ci ildə Bakıda keçirilmiş hərbi parada nümayiş etdirilib. «Google Earth» vasitəsi ilə peykdən çəkilmiş şəkillərə əsaslansaq, bu komplekslər paytaxt Bakının hava məkanını müdafiə edir.

2011-ci ildə İsraillə imzalanmış 1,6 milyard dollarlıq satınalma müqaviləsi çərçivəsində «Barak-8» zenit-raket kompleksi (1 divizion - 6 buraxıcı qurğu və 75 raket), həmçinin EL/M-2080 Green Pine tipli raket əleyhinə müdafiə sistemi əldə olunub. İsraildən satın alınmış «Barak-8» raketləri əsasən gəmilərdə yerləşdirilmək üçün hazırlanıb.

MDB ölkələri arasında ilk olaraq Azərbaycanın silahlanmasına daxil edilmiş EL/M-2080 Green Pine sistemi eyni zamanda axtarış, aşkar etmə, izləmə və raketlərin buraxılmasını həyata keçirir. Hədəfləri 500 kilometrə qədər uzaqlıqda aşkar edə bilən sistem eyni anda 3000 metr/saniyə sürətlə hərəkət edən 30-dan artıq hədəfi izləyə, avtomatik komanda əsasında «Arrow» raketləri ilə məhv edə bilir.

Qeyd olunan dövrdə Azərbaycan Ukraynadan bir sıra HHM sistemləri əldə edib. Rəsmi məlumatlara görə, son illərdə Ukrayna Azərbaycana bir neçə ədəd «Kolçuqa-M» tipli radiotexniki kəşfiyyat stansiyası satıb.

Məlumat üçün bildirək Ki, Belarusun «Tetraedr» şirkətinin direktoru 2011-ci ilin fevral ayında APA-ya açıqlamasında Azərbaycanın bu firmanın istehsalı olan T-38 «Stilet» zenit-raket kompleksləri almaq istəyində olduğunu ifadə etmişdi. Adıçəkilən sistem hərəkət halında olan bölmələrin havadan müdafiəsi məqsədi ilə hazırlanıb. Bundan başqa, Azərbaycan Ordusunun yaxın perspektivdə Rusiyadan «Pantsir» tipli zenit-top raket kompleksi almaq niyyətində olduğu müxtəlif hərbi saytlarda yer alıb.

Mövcud imkanlar

APA-nın məlumatına görə, son 7 ildə HHM sistemini yenidən quran Azərbaycan bu Ukrayna, Belarus və İsraildən müasir radiotexniki kəşfiyyat sistemləri, habelə zenit-raket kompleksləri əldə edib. Mövcud raket parkının modernləşdirilməsi istiqamətində bir neçə proqram reallaşdırıb.

2008-2011-ci illərdə Belarusun «Tetraedr» şirkəti tərəfindən HHMQ-nin inventarında olan S-125M «Peçora» və 9K33M3 «Osa-AKM» sistemlərinin modernləşdirilməsi ilə bağlı iki ayrı proqram həyata keçirilib. Yerli «Azairtecservise» şirkətinin iştirakı ilə həyata keçirilən bu proqram çərçivəsində HHMQ-nin silahlanmasında olan 27 ədəd S-125M kompleksləri S-125 - 2TM səviyyəsinə yüksəldilib. Komplekslərin idarəetmə sistemləri elektronlaşdırılıb, istifadə ömrü daha 15 il uzadılıb. Modernləşmə nəticəsində raketlərin atış uzaqlığı iki dəfə artırılaraq 35, hündürlüyü isə 7 km artırılaraq 25 km-ə çatdırılıb. Artıq bu raketlər 900 metr/saniyə sürətlə hərəkət edən hədəfləri vurma qabiliyyətinə malikdir. Hansı ki, modernləşmədən əvvəl bu göstərici 560 m/saniyə təşkil edib. Eyni zamanda hədəfi məhv etmə dəqiqliyi artırılıb.

«Tetraedr» tərəfindən 2008-2009-cu illərdə modernləşdirildikdən sonra 9K33-1T «Osa-1T» səviyyəsinə çatdırılan digər zenit-raket kompleksi 9K33M3 «Osa-AKM»dən bir sıra üstünlüklərinə görə fərqlənir. Kompleksin maneələrə qarşı müdafiəsi yüksəldilib, döyüş idarəetməsi avtomatlaşdırılıb. Modernləşdirilmiş «Osa-1T» kompleksində 7 km hündürlükdə 12 km-ə qədər uzaqlıqda, 700 m/san qədər sürətlə hərəkət edən hədəfləri vurmağa imkan verən yeni təhrik etmə sistemi tətbiq edilib. Kompleksin tərkibinə əlavə olaraq OES-1T elektro-optik sistemi, 8-12 mkm işçi diapazonuna malik teplopelenqator, televiziya kanalı, habelə radiolokasiya sistemləri işləmədikdə hədəflərin uzaqlığını müəyyənləşdirmək məqsədi ilə lazer məsafəölçəni daxil edilib. Hədəfin müşayiəti üçün əlavə edilmiş elektro-optik sistem rəqib anti-radar raketləri və ya radioelektron mübarizə vasitələri tətbiq etdikdə belə raketlərin istifadəsinə imkan verir. Cihazların 80%-ə qədərinin yenilənməsi hesabına bu kompleksin etibarlılığı yüksəldilib. Testlər zamanı «Osa-1T» kiçik ölçülü hədəfləri, habelə stels texnologiyalar üzrə yaradılmış hədəfləri məhv etmək imkanlarını sübuta yetirib.

Ümumilikdə, Azərbaycanın hava hücumundan müdafiəsi böyük uzaqlıqda (200-500 km) EL/M-2080 Green Pine, S-200 «Veqa» (29-40 km hündürlükdə, 250 km uzaqlıqda), ortaq uzaqlıqda S-300 PMU-2 «Favorit» (200 km uzaqlıqda) sistemləri hesabına təmin olunur. Müqayisə üçün bildirək ki, Azərbaycan bu göstəricilərinə görə, NATO-nun ən böyük ikinci ordusuna malik Türkiyənin mövcud HHM sistemini geridə qoyur.

Bundan başqa, Azərbaycan HHM sistemi yaxın uzaqlıqdakı hədəflərə qarşı tətbiq olunan S-125-2TM «Peçora», 9A33-1T «Osa», M1-2 «Buk», 9K35 «Strela-10» və 2K11 «Kruq» sistemlərinə də malikdir.

Hərbi ekspertlərin fikrincə, hazırda Azərbaycanın HHM sistemi tək ölkənin işğal altındakı ərazilərini deyil, eyni zamanda şimal-qərb və Naxçıvan Muxtar Respublikası istiqamətindən Ermənistanın bütün ərazisi üzərində hava məkanını tam nəzarətdə saxlayır. Son illərdə əldə olunmuş radiolokasiya vasitələri, xüsusilə də ABŞ tərəfindən verilmiş TRML-4D radarı hesabına Xəzər dənizi üzərindəki hava məkanına tam nəzarətdə saxlamaq mümkündür.

Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların hava məkanı isə Beyləqan, Füzuli, Ağcabədi, Göygöl rayonlarında, Naxçıvanda və Kürdəmirdəki radiolokasiya sistemləri tərəfindən nəzarətdə saxlanılır. Bu hava məkanında və Ermənistanın hava məkanında baş verən proseslərin hər biri qeydə alınır.

Azərbaycanın cəbhə xətti yaxınlığındakı raket sistemləri isə ermənilərin istifadəyə vermək niyyətində olduqları Xocalı aeroportuna uçuşlar üçün potensial təhlükə mənbələrindən hesab olunur və bu əraziyə uçuşların qarşısını bilavasitə almağa imkan verir.

Qeyd edək Ki, Ermənistanın HHM sistemi hazırda S-300PT və S-300PS və S-300PT, «Kruq», S-125 «Neva», S-75, «Osa» və «Strela-10» kompleksləri hesabına təmin olunur və bu ölkədə Azərbaycanda olduğu kimi böyük uzaqlığa malik HHM sistemləri mövcud deyil. Ermənistanın Müdafiə Nazirliyi ötən ilin dekabr ayının sonlarında HHM sistemlərinin müasirləşdirməsi proqramını elan edib. Bu çərçivədə ilk olaraq S-300 sistemlərində modernləşmə aparılacağı bildirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR