Könüllü karbon bazarlarında karbon kreditlərinin qiyməti və keyfiyyəti fərqləndiyindən, bazar iştirakçıları aldıqları kreditlərin etibarlılığına və real ekoloji fayda yaratmasına getdikcə daha çox diqqət yetirirlər.
"APA-Economics" xəbər verir ki, bunu Bakı İqlim Həftəsi çərçivəsində keçirilən “Karbon bazarları vasitəsilə iqlim maliyyəsinin genişləndirilməsi” mövzusunda panel müzakirəsində "SOCAR Green"in İnvestisiyalar və Layihələrin İnkişafı üzrə direktoru Rza Nağıyev bildirib.
Onun sözlərinə görə, könüllü karbon bazarları məcburi karbon bazarlarından fərqli olaraq daha az tənzimlənir və bu səbəbdən burada karbon kreditlərinin qiyməti, keyfiyyəti və etibarlılığı arasında fərqlər yarana bilir.
R.Nağıyev qeyd edib ki, bazar iştirakçıları karbon kreditləri əldə edərkən həmin kreditlərin həqiqətən yüksək keyfiyyətli və etibarlı olmasına xüsusi diqqət yetirirlər.
SOCAR nümayəndəsi vurğulayıb ki, bu istiqamətdə bazarın etibarlılığını artırmaq və karbon kreditlərinin keyfiyyətinə dair vahid yanaşmalar formalaşdırmaq məqsədilə müxtəlif beynəlxalq qurum və standartlar yaradılıb.
O həmçinin bildirib ki, Paris Sazişinin 6-cı maddəsi də tədricən karbon bazarlarına inteqrasiya olunur.
R.Nağıyevin sözlərinə görə, burada əsas məsələlərdən biri karbon emissiyalarının azaldılması nəticələrinin iki dəfə hesablanmasının qarşısının alınmasıdır. Bunun üçün müvafiq icazə və “müvafiq düzəliş” mexanizmlərindən istifadə olunur.