Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı başa çatıb

Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı başa çatıb
# 19 aprel 2013 16:58 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Bakıda keçirilən Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı bu gün başa çatıb.

APA-nın məlumatına görə, Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Üç dolanbac” adlanan bağlanış mərasimində dirijor Rauf Abdullayevin rəhbərliyi altında Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Rusiyanın “Questa musica” ansamblı çıxış edib.

Festival çərçivəsində Almaniya və Azərbaycan, Avstriya və Fransa, Hollandiya və Rusiya müasir musiqini mükəmməl şəkildə ifa edən solist və kollektivlərlə təmsil olunub.

Festival konsertlərində yeni musiqi ifaçılığının Avropada liderlərindən olan Amsterdamın Asko|Schönberg və Strasburqdan tanınmış kollektiv Accroche Note Ensemble çıxış edib.

Keçirilən konsert proqramlarında Qarayev, Schönberg, Respigi, Ligeti, Berio, Şostakoviç kimi müasirlərinə böyük təsir etmiş və XX əsr musiqi təfəkkürünün inkişafında yeni yollar açmış bəstəkarların əsərləri təşkil edib.

Festivalın başqa bir layihəsi isə Gənc Tamaşaçılar Teatrının səhnəsində müasir musiqinin ekstravaqant klassiklərindən biri olan Mauricio Kagelin musiqisi əsasında Variété tamaşasının nümayişi olub. Əsər alman-ispan mənşəli AVA Dance Company və Bakı müasir musiqi kollektivi Con tempo təfərindən ukraynalı dirijor Vladimir Runçakın idarəsi altında ifa edilib. Burada həmçinin alman akkordeonisti Eva Zöllner də çıxış edib.

Piano musiqisi proqramında Gülşən Ənnağıyevanın iştirakı ilə PİANO I - III Reich zamanının "Degenerativ musiqisi" ("Entartete Musik") və SSRİ-də "mövcud olmayan" musiqi, pianoçular Aleksey Lubimov və İvan Sokolovun PİANO II, hollandiyalı pianoçu Marsel Vorms`un "Blues ətrafında" PİANO III konserti keçirilib. Eyni zamanda Marianna Visotskayanın bakılı musiqiçilərin iştirakı ilə keçirdiyi "Orqan +" konserti də qeyri-standart ifa tərzi ilə dinləyicilərin diqqətini cəlb edib.

Festival proqramında müasir Azərbaycan musiqisinə də geniş yer ayrılıb.

Qeyd edək ki, Qara Qarayev adına V Beynəlxalq Müasir Musiqi Festivalı aprelin 14-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR