Erməni sənətçi Qənirə Paşayevanın çıxışından təsirlənib - FOTO

Erməni sənətçi Qənirə Paşayevanın çıxışından təsirlənib - <span style="color: red;">FOTO
# 17 aprel 2013 08:19 (UTC +04:00)

Bakı - APA. Türkiyədə keçirilən "İlin Uluslararası Barış və Dostluk" ödül törənində Milli Məclisin üzvü Qənirə Paşayevaya mükafat təqdim olunub.

APA-nın xəbərinə görə, Q.Paşayeva mükafatı aldıqdan sonra etdiyi çıxışda “bu ödülü gözəl ölkəm Azərbaycan, gözəl xalqım və şəhidlərimiz adına alıram" deyib.

O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb: "Ermənistanın işğalı altında olan böyük mədəniyyət mərkəzlərindən biri, qədim Şuşamızda çoxlu vandalizm aktları törədilib. Mən arzu edirəm ki, gələn dəfə bu ödül törənini birlik və bərabərlik içərisində Ermənistanın işğalından azad edəcəyimiz və yenidən quraraq mədəniyyət paytaxtlarından birinə çevirəcəyimiz Şuşada qeyd edək. Bu işğallar davam etdikcə nə bölgədə, nə dünyada barış ola bilməz. Ona görə də hər bir kəs bu barışın yaranması üçün səylərini artırmalıdır".

Millət vəkili Qənirə Paşayeva və modelyer Gülnarə Xəlilova tədbirin təşkilatçısı Nurəddin Soydana Qarabağın musiqi mədəniyyətini özündə əks etdirən tablonu hədiyyə ediblər.

Ödül mərasimində Türkiyə əsilli erməni sənətçi Hayko Tataryan da çıxış edib. O, millət vəkili Qənirə Paşayevanın çıxışını dinlədiyini deyib: “Mən Türkiyə əsilli erməni sənətçiyəm. Türk xalqı hər zaman bizə qucaq açıb və yaxşı münasibət göstərib. Mən Türkiyə Cümhuriyyətinin vətəndaşı olmaqdan qürur duyuram. Bu səhnədən enərək millət vəkili Qənirə Paşayevanın yanına getmək və onun əlini sıxmaq istərdim”. O, səhnədən enərək millət vəkilinə yaxınlaşıb və əl uzadıb: “Sizin çıxışınızı və yaşadıqlarınızı dinlədim. Çox üzgünəm”.

Bundan sonra təkrar səhnəyə çıxan millət vəkili Qənirə Paşayeva bunları deyib: "Hayko Tataryan, mənə əl uzadaraq çox üzgün olduğunuzu dediniz. Bizim millətimiz heç bir zaman ona uzanan əli geri çevirməyib. Amma barış sizin mənə uzatdığınız əllə yarana bilməz. Barışın başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir. Yüz minlərlə insan 20 ildən artıqdır ki, öz evinə dönə bilmir. Bunun nə qədər böyük bir faciə, ağrı-acı olduğunu hər bir insan milliyyətindən və dinindən asılı olmayaraq anlamalıdır. Sizin kimi Türkiyə əsilli erməni sənətçilərin Ermənistana və oradakı erməni xalqına bu gün burada səsləndirdiyiniz fikirləri geniş şəkildə tez-tez çatdırması lazımdır. Mən elə bu səhnədə yanımda dayanmış və 2 dəfə özünün məşhur siyasət proqramı verilişində ermənilərlə Azərbaycan türklərinin Dağlıq Qarabağ problemi ilə bağlı televiziya müzakirəsini təşkil etmiş tanınmış jurnalist Ali Kırca bəyə də müraciət edərək onun yenidən belə bir proqram təşkil etməsini və sizi də oraya dəvət etməsinə çağırıram. Çox istərdim ki, siz bu gün bu səhnədə səsləndirdiyiniz fikirləri və səhnədə mənim yanıma gələrək mənə əl uzadaraq dediyiniz sözləri o proqramda da Ermənistandakı xalqınıza üz tutaraq söyləyəsiniz. Sizin sözləriniz onlara özünün müəyyən təsirlərini göstərə bilər. Mən bu səhnədən bütün tədbir iştirakçılarına üz tutaraq demək istəyirəm: Milli kimliyindən və inancından asılı olmayaraq gerçəkdən də insanlığın və ədalətin yanında olanlar öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının ağrı-acısına, onların torpaqlarının işğal altında qalmasına laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR