Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əhali kateqoriyasından olan 12 335, qeyri-əhali kateqoriyasına aid 1 223 abonentə qaz təsərrüfatına müvafiq «qüsur aktı» tərtib olunub, 17 475 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, tərtib olunmuş «qüsur aktları» əsasında itirilmiş təbii qazın bərpası üzrə 6 615 095 manat dəyərində dəymiş ziyan hesablanıb.
Ötən ildə 19 472 istehlakçının qaz təsərrüfatında (o cümlədən, 2 968 qeyri-əhali, 13 493 əhali), eləcə də 3 011 istixana və qazpaylayıcı stansiyalardan hesabat aparılan 117 ölçü qovşağında (“ROK-407” sərfölçmə cihazında) yoxlama-təftiş işləri aparılıb. Yoxlamalar zamanı təbii qazdan istifadə qaydalarının pozulmasına görə 955 istehlakçıya müvafiq «qüsur aktı» tərtib olunub, 1 523 istehlakçının qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və aşkar olunmuş digər qüsurların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi barədə yazılı tapşırıqlar verilib.
Birlik tərəfindən 2 202 qeyri-əhali kateqoriyasına aid istehlakçının qaz təsərrüfatına seçmə üsulla yerində baxış keçirilib, onlar abonent bazasında yeni qeydiyyata alınıb.