Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin sayı 260 mini ötüb

Azərbaycanda kiçik sahibkarlıq subyektlərinin sayı 260 mini ötüb
# 11 noyabr 2014 09:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Son bir ildə Azərbaycanda iqtisadiyyatın bütün sahələri üzrə kiçik sahibkarlıq subyektlərinin sayı 4,9% artaraq 260 563 nəfər təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda kiçik sahibkarlıq” adlı illik məcmuəsində məlumat verilib.

Məlumata görə, bunlardan 94,5%-i fiziki şəxslər, yəni fərdi sahibkarlardır.

Statistik məlumatların təhlili zamanı məlum olub ki, iqtisadiyyatın digər sahələri ilə müqayisədə ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində kiçik sahibkarlıqla məşğul olanların sayı daha çoxdur. Belə ki, ölkədəki kiçik sahibkarlıq subyektlərinin 70,5%-i və ya 182 732 nəfəri məhz ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində çalışır. Bunlardan 96,5%-ni fiziki şəxslər, yəni fərdi sahibkarlar təşkil edir.

Kiçik sahibkarlıq subyektlərinin sayına görə, iqtisadiyyatın sahələri arasında ikinci yerdə nəqliyyat və anbar təsərrüfatı sahəsi dayanır. Belə ki, ölkə üzrə kiçik sahibkarlıq subyektlərinin 10,7%-i, başqa sözlə, 27 862 nəfəri bu sahədə fəaliyyət göstərir ki, bunlardan da 99%-i fiziki şəxslər, yəni fərdi sahibkarlardır.

Siyahıda üçüncü yer turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsinin payına düşüb. Bu sahədə 9406 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bunlardan 97,4%-i fərdi sahibkardır.

Kiçik sahibkarlıq subyektlərinin ən az maraq göstərdiyi təhsil sahəsidir. Bu sahədə ölkə üzrə cəmi 155 kiçik sahibkarlıq subyekti var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR