Orxan Doğanın “Panika pozuntusu” kitabının təqdimat mərasimi keçirilib

Orxan Doğanın “Panika pozuntusu” kitabının təqdimat mərasimi keçirilib
# 20 may 2015 11:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. 1905.az portalının redaksiyasında türkiyəli psixiatr, professor Orxan Doğanın “Panika pozuntusu” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, portalın rəhbəri Fuad Babayev bildirib ki, yeni nəşr rəhbərlik etdiyi portalın seriya şəklində kitabların dərc olunması ilə bağlı başladığı layihənin ilk kitabıdır. F. Babayevin sözlərinə görə, kitabın nəşr olunmasında məqsəd psixoloji və ruhi pozğunluqdan əziyyət çəkən, həyatının nizamı pozulan insanlara kömək etməkdir. Kitab bədii-publisistik təhkiyə üsulu ilə yazılıb: “Bu kitab təkcə nəzəriyyə və texniki məlumatların toplandığı kitab deyil. Kitab əsasən psixi sağlamlıq və xəstəliklər üzrə mütəxəssisin məsləhəti və nəzarəti altında panika pozuntusu olan insanların və onların qohumlarının öz-özünə necə kömək etməsindən bəhs edir. Ölkəmizdə bu cür özünə kömək ədəbiyyatının olmaması böyük problemdir. Bu baxımdan “Panika pozuntusu” xəstələr, onların qohumları, həkim psixoloqlar, tibb və psixologiya fakültələrinin tələbələri üçün faydalı olacaq”.

Təqdimat mərasimində iştirak edən Orxan Doğan kitabın Azərbaycan dilinə tərcümə olunmasından məmnun olduğunu bildirib. Müəllif əlavə edib ki, kitabda Barış və onun xanımı Zeynəbin timsalında insanın stress, psixoloji pozğunluq yaşaması, bundan çıxış yolu göstərilib: “Stressin istər fiziki, istər psixi-emosional, istərsə də davranış müstəvisində bir çox mənfi təsirləri var. Stressi analiz edib onun zərərlərindən qorunmaq mümkündür. İnanıram ki, müəllifi olduğum kitab bu işlərdə oxucuların köməyinə gələcək”.

O. Doğanın sözlərinə görə, kitabın çap olunmasında məqsəd gəlir əldə etmək yox, insanlara kömək etməkdir.

Qeyd edək ki, “Panika pozuntusu”nun tərcüməçisi Mətanət Babayeva, tərcümə üzrə məsləhətçisi Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti Nadir İsmayılov, redaktoru Fuad Babayevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR