Diri doğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı seminar keçirilib

Diri doğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı seminar keçirilib
# 19 noyabr 2015 14:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabrın 18-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) diri doğulmanın beynəlxalq meyarlarının tətbiqi ilə bağlı müxtəlif ölkələrin təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyi ilə birgə keçirilən seminarda həkim-neonatoloqlar, pediatrlar, reanimatoloqlar və İSİM-in əməkdaşları iştirak ediblər.

Seminar üçün xüsusi dəvət almış BMT-nin Uşaq Fondu (UNİCEF) beynəlxalq mütəxəssisi təqdimatda bir sıra Avropa ölkələrində, o cümlədən Moldovada diridoğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı görülən tədbirlərdən söhbət açıb. Bildirib ki, Moldova artıq 2008-ci ildə diridoğulmanın beynəlxalq meyarlarına keçid edib və bu keçidin nəticəsi olaraq, Avropa üzrə vaxtından əvvəl doğulmuş uşaqlara qulluq göstərilməsi ilə əlaqədar müsbət göstəricilər əldə edib. Diri doğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı ictimai maarifləndirmə işinin aparılması vacibliyi də önə çəkilib.

BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin Gənclərin və yeniyetmələrin inkişafı proqramının mütəxəssisi ana və uşaq sağlamlığının yaxşılaşdırılması, 2015-ci ilin yanvarın 1-dən diri doğulmanın beynəlxalq meyarlarına keçidlə bağlı Azərbaycanda keçirilən bir sıra maarifləndirmə tədbirləri barədə məlumat verib.

Səhiyyə Nazirliyinin baş neonatoloqu R. Hüseynov Azərbaycanda səhiyyə xidmətlərinin təkmilləşdirildiyini, tibb müəssisələrinin yeni avadanlıqlarla təchiz edildiyini, tibb işçiləri tərəfindən müasir texnologiyaların mənimsənildiyini, doğuşayardım xidmətlərinin gücləndirilməsinə şərait yaradıldığını vurğulayıb: “Görülən tədbirlər ölkədə çox azçəkili yeni doğulmuşların yaşamasına ümid verir".

Seminar müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR