İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin məhkəmədə vəziyyəti pisləşib

İş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizədin məhkəmədə vəziyyəti pisləşib
# 27 sentyabr 2012 14:40 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirli bilinən deputatlığa keçmiş namizəd Nadir Orucovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

APA-nın məlumatına görə, N. Orucovun səhhəti pisləşdiyi üçün məhkəməyə təcili tibbi yardım çağırılıb. Həkimlər N. Orucovun təzyiqinin yüksək olduğunu bildiriblər. Onlar N. Orucovun prosesdə iştirak etməsinə icazə verməyiblər. Bunun üçün də proses oktyabrın 3-nə təxirə salınıb.

Qeyd edək ki, bundan əvvəl keçirilən proseslərdə N. Orucov vəziyyətinin pisləşdiyini bildirdiyi üçün hər dəfə məhkəmə prosesi təxirə salınıb və tibbi ekspertizanın keçirilməsi barədə qərar qəbul olunub. Tibbi ekspertiza isə N. Orucovun məhkəmədə iştirak etməsinin səhhətinə problem yaratmayacağını bildirib.

Bu il iyunun 8-də Nəsimi rayonu Hüseyn Seyidzadə, 2A ünvanında deputatlığa keçmiş namizəd Nadir Orucov münaqişə zəminində tanışı Rövşən Rüstəmovu güllələyib. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Nadir Oruc oğlu Orucov 2005-ci ildə 9 saylı Binəqədi II, 2010-cu ildə isə 21 saylı Nəsimi I seçki dairələrindən deputatlığa namizəd olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR