Mehriban Əliyevaya Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomu verilib

Mehriban Əliyevaya Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomu verilib
# 13 aprel 2012 17:52 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu gün Moskvada daha bir nüfuzlu mükafata layiq görülüb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Mehriban Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri Professoru Diplomuna və Xatirə Nişanına layiq görülüb. Təqdimat mərasimi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Tibb Tarixi Muzeyində baş tutub.
Təqdimat mərasimindən əvvəl Tibb Tarixi Muzeyindəki eksponatlarla tanış olan Mehriban Əliyeva daha sonra universitetdə təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüşüb .
Tədbirdə çıxış edən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Petr Qlıboçko Mehriban Əliyevaya Fəxri Professor Diplomunu təqdim edib.
Mehriban Əliyeva ona göstərilən diqqətə görə təşəkkür edərək bugünkü günün onun üçün əlamətdar olduğunu söyləyib. Heydər Əliyev Fondunun fəaliyyəti barədə məlumat verən Azərbaycanın birinci xanımı bildirib ki, son on il ərzində ölkədə 4000-dən çox məktəb tikilib və təmir edilib: “Son on il ərzində Azərbaycanda 400-dən çox tibb obyekti inşa edilib. Bunlar tibb mərkəzləri, klinikalardır. Bu gün ölkəmizdə gedən inkişaf bütün sahələrdə baş verir. İnkişaf təkcə paytaxtda deyil, eləcə də regionlarda davam edir. Azərbaycanda beynəlxalq konfranslar, forumlar keçirilir. Heydər Əliyev Fondu yaranan gündən biz öz fəaliyyət prioritetlərimizi müəyyən etmişik. Bu təhsil, səhiyyə, ətraf mühitin qorunması, zəngin mədəni irsin təbliği və qorunmasıdır. Biz çox şadıq ki, “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunu dəstəyi nəticəsində ölkədə yeni məktəblər tikilib istifadəyə verilib. Bu məktəblər əsasən regionlarda yerləşir. Səhiyyə sahəsi də Heydər Əliyev Fondunun diqqət mərkəzində olan sahələrdən biridir. Fondun dəstəyi nəticəsində ölkədə Talassemiya Mərkəzi açılıb və mərkəz ən son avadanlıqla təchiz olunub. Səhiyyə sahəsində Fondun fəaliyyəti bir çox beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib”. Mehriban Əliyeva Heydər Əliyev Fondunun ölkə daxilində həyata keçirdiyi fəaliyyətlə yanaşı eyni zamanda ölkə xaricində də fəaliyyət göstərdiyini söyləyib.

Mehriban Əliyeva “Birliyin Ulduzları” mükafatına layiq görüldüyünə görə ona verilən 2 milyon rubl vəsaitin Birinci Moskva Dövlət Tibb Universitetinin hesabına keçirdiyini də söyləyib.
Tədbirdə Rusiya və Azərbaycanın ictimai siyasi xadimləri, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü Petr Qlıboçko, bir çox universitetlərin rektorları, Rusiyanın aparıcı tibb alimləri iştirak ediblər.

Qeyd edək ki, M. Əliyeva İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR