Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci yeri tutub

Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci yeri tutub
# 10 fevral 2012 13:12 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan ətraf mühitin mühafizəsi sahəsindəki son 10 illik fəaliyyətinə görə 132 ölkə arasında dünyada 2-ci, mövcud ekoloji vəziyyətə görə 111-ci yeri tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu qiymətləndirmə ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən 2012-ci ilin yanvar ayında hazırlanan Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) öz əksini tapıb.

Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində ətraf mühitin vəziyyəti və ekoloji vəziyyətin dəyişikliyi 10 sahə üzrə 22 indikator əsasında qiymətləndirilib. Sənədə əsasən, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində 1-ci yerə çıxıb. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. fəaliyyət belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Sənədə əsasən, Azərbaycan meşələrlə bağlı aparılan qiymətləndirmədə 3 komponent üzrə - meşə ehtiyatlarının vəziyyəti, meşə örtüyünün dəyişməsi və meşə itkiləri sahəsində – həm ətraf mühitin vəziyyətinin indeksi, həm də ekoloji inkişafın göstəricilərinə görə ən yüksək nəticə göstərərək 132 dövlət arasında 1-ci yeri tutub. Bu qiymətləndirmədə yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin ümumi ölkə ərazisinin 11,4 faizdən 11,8 faizədək artırılması, sənaye qırıntılarının qadağan olunması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi, o cümlədən qanunsuz ağackəsmə hallarının qarşısının alınması, regionların qazlaşdırılması, KİV və QHT-lərlə birgə ictimaiyyət arasında aparılmış təbliğat hesabına qırıntı hallarının ilbəil azalması nəzərə alınıb.

Sənəddə qeyd olunub ki, iqlim dəyişmələrinə qarşı mübarizədə Azərbaycan son illərdəki fəaliyyətə görə 1-ci, mövcud vəziyyətə görə isə 67-ci yerə çıxıb. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının istilik effekti yaradan qazların tullantılarının azaldılması üzrə kəmiyyət öhdəliyi götürməyən tərəf olsa da, tullantıların azaldılması istiqamətində konkret tədbirlər hesabına son illər həmin tullantılar 1990-cı baza ilindəki 70 milyon tondan 48 milyon tona enib.

Beynəlxalq Ekoloji İndeksdə əsas yaşam yerlərinin mühafizəsi, biomların mühafizəsi və mühafizə olunan dəniz əraziləri indikatorları əsasında qiymətləndirilmiş biomüxtəliflik üzrə Azərbaycan son on ildə inkişafa görə 45-ci, faktiki vəziyyətə görə isə 100-cü yerə çıxıb. Bu inkişaf, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər (xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 2003-cü ildəki 478 min hektardan 882 min hektaradək artırılıb ki, bu da ümumi ölkə ərazisinin 10,2 faizini təşkil edir, o cümlədən ilk dəfə olaraq 2003-cü ildən etibarən yaradılmasına başlanmış və hazırda mövcud olan 8 Milli Parklın ümumi sahəsi ölkə ərazisinin 3,6 faizini təşkil edir), nadir bioloji növlərin artırılması, onların tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması (yalnız 2011-ci ildə 100 başadək ceyran öz areallarına köçürülüb), mühafizə tədbirlərinin ciddiləşdirilməsi hesabına nəsli kəsilmək təhlükəsi qarşısında olan nadir növlərin təbii artımına nail olunması (nəticədə bir sıra növlərin artıq qırmızı siyahıdan çıxarılması nəzərdə tutulub) ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR