Bakıda Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimatı keçirilib - FOTOSESSİYA

Bakıda Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 05 iyul 2012 07:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Bakıda ANAMA-NATO/NAMSA birgə layihəsi olan Ceyrançöl Təmizləmə Layihəsinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirə Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, müxtəlif hökumət strukturlarının nümayəndələri, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, baş nazirin müavini Abid Şərifov iştirak edib.

İştirakçılar əvvəlcə ANAMA-nın fəaliyyətini əks etdirən stendlər, eləcə də agentliyin texniki təchizatı ilə tanış olublar. Açılış mərasimində çıxış edən ANAMA-nın baş direktoru Nazim İsmayılov deyib ki, layihə üzrə işlərə aprel ayında başlanıb. Layihə NATO Etimad Fondu tərəfindən dəstəklənir və bu layihə ANAMA-NATO əməkdaşlığı ilə həyata keçirilən ikinci böyük minatəmizləmə layihəsidir. N. İsmayılov Ceyrançöldə 64 milyon kvadratmetr ərazinin mina və PHS-lə çirkləndiyini deyib.

ANAMA direktoru rəhbərlik etdiyi qurumun humanitar minatəmizləmə ilə yanaşı, BMT-nin köməyi ilə təlim bazası yaratdığını, 2009-cu ilin əvvəlindən təlim bazasında Tacikistan, Əfqanıstan, Gürcüstan, İordaniyadan olan mütəxəssislərə təlimlər keçirildiyini bildirib.

Baş nazirin müavini Abid Şərifov isə Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində budan əvvəl “Saloğlu” layihəsinin həyata keçirildiyini və bu layihənin icrası nəticəsində bölgədə mina/PHS təhlükəsinin aradan qalxdığını xatırladıb. Ceyrançöl layihəsinin əhəmiyyətindən danışan A. Şərifov qeyd edib ki, layihənin birinci mərhələsinin xərci 3 milyon avrodan çoxdur. Bunun 50 faizi Azərbaycan hökuməti tərəfindən təmin olunacaq. “ANAMA-nın mütəxəssisləri tam olaraq NATO standartlarına uyğun fəaliyyət göstərir”, - deyə A. Şərifov vurğulayıb.

Ceyrançöl tipli layihələrin insanların həyatında böyük önəm kəsb etdiyini söyləyən C. Appaturay isə bəyan edib ki, bundan əvvəlki “Saloğlu” layihəsi yüksək səviyyədə icra olunub: “O layihədə yaxşı nəticələr əldə olundu. Bu, çox təhlükəli işdir. Bu insanlar hər gün təhlükə ilə üz üzə qalırlar. Ceyrançöl layihəsi də əvvəlki layihə qədər böyük əhəmiyyətə malikdir”. C. Apaturay qeyd edib ki, ANAMA Gürcüstan və Əfqanıstanla birgə çalışır və bu qurumun təşəbbüsləri Azərbaycanın hüdudlarından kənara da yayılır.

Daha sonra layihənin təqdimatı keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR