Azərbaycan yeni neft-qaz və neft-kimya kompleksində istehsal olunacaq neft-kimya məhsullarının 90%-ni ixrac edəcək

Azərbaycan yeni neft-qaz və neft-kimya kompleksində istehsal olunacaq neft-kimya məhsullarının 90%-ni ixrac edəcək
# 11 aprel 2012 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda yaradılacaq yeni neft-qaz və neft-kimya kompleksində (NQNK) istehsal olunacaq neft-kimya məhsullarının 90%-i ixrac ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin NQNK layihəsi məsələləri üzrə Departamentinin rəis müavini Fuad Əhmədov bildirib.

F.Əhmədovun sözlərinə görə, o cümlədən neft emalı zavodunda istehsal olunacaq məhsulun 1,7 mln. tonu və ya istehsal olunan məhsulunun təxminən 50%-i Türkiyəyə ixrac olunacaq. Qeyd edək ki, kompleksdə əsasən benzin, ağ neft və dizel yanacağı istehsal olunacaq.

F.Əhmədov bildirib ki, neft emalı zavodunun tikintisi üçün 6,2 mlrd. dollar, qaz emalı zavodunun inşası üçün 2,4 mlrd. dollar, neft-kimya zavoduna 3,8 mlrd. dollar həcmində investisiya tələb olunur. Ümumilikdə isə NQNK layihəsinin icrasına sərf olunacaq vəsaitlərin ümumi həcmi faiz ödəmələri ilə birlikdə 15 mlrd. dollar təşkil edəcək, bunun isə 10 mlrd. dolları kənardan cəlb olunacaq. Layihə çərçivəsində ən yüksək xərclər 2016-2017 illərə təsadüf edəcək ki, bu da təxminən 3,2-3,3 mlrd. dollar təşkil edəcək.

ARDNŞ rəsmisi qeyd edib ki, Azərbaycanda 2020-ci ildə benzinə olan daxili tələbat ildə 1,4 mln. ton, dizelə 1,2 mln. ton, reaktiv yanacağa tələbat 0,6 mlın. ton təşkil edəcək. Həmin göstəricilər 2040-cı ildə müvafiq olaraq 2,8 mln. ton, 1,9 mln. ton və 0,9 mln. tona bərabər olacaq ki, həmin vaxtda NQNK bu tələbatı tam təmin edə biləcək.

Qeyd edək ki, hazırda layihə üzrə texnoloji optimallaşma prosesi aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR