Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib-FOTOSESSİYA

Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib-<font color=red>FOTOSESSİYA</font>
# 30 oktyabr 2012 20:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Akademik Milli Dram Teatrında görkəmli şair və ictimai xadim Xəlil Rza Ulutürkün anadan olmasının 80 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir. Nazir əlavə edib ki, xalqımızın bədii-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edən Xəlil Rza Ulutürk yaradıcılığı belə bir mərtəbəyə asanlıqla yüksəlməyib: “Hamıya məlumdur ki, Xəlil Rza bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, döyüşkən yaradıcılıq meydanına şahrah yollarla gəlib çıxmayıb, bu çətin yolların əzabını, məşəqqətini çəkə-çəkə poeziyada öz yüksək məqamını tutub”. Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar qeyd edib ki, Xəlil Rzanı kifayət qədər oxumayanlar, şairin əsərlərinə dərindən bələd olmayanlar bəzən onun millilik, türkçülük, azərbaycançılıq haqqında şerlərində yanlış notlar axtarıb, şairi şovinizmdə günahlandırıblar: “Xəlil Rza isə orijinal bədii əsərləri, elmi-tənqidçilik fəaliyyəti, publisist çıxışları, xüsusən, bədii tərcümələri ilə Azərbaycanı ürəkdən sevən, həm də beynəlmiləlçi xalq ziyalısı olduğunu dönə-dönə sübut edib”.
Tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdiyi yubiley tədbirində şairin şeirləri səsləndirilib və sözlərinə yazılan mahnılar ifa olunub. Məlumat üçün bildirək ki, yubiley tədbirində xalq şairi Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı və başqaları iştirak edib.
Qeyd edək ki, yubiley tədbiri Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR