«Air Astana» aviaşirkəti yeni «Boeing» təyyarələri alır

«Air Astana» aviaşirkəti yeni «Boeing» təyyarələri alır
# 21 fevral 2012 12:27 (UTC +04:00)
Bakı. APA-Economics. Qazaxıstanın «Air Astana» aviaşirkəti dörd ədəd «Boeing 767-300ER» və üç ədəd «Boeing 787-8 Dreamliner» təyyarələrinin alınmasına dair «Boeing» Korporasiyası ilə müqavilə bağlayıb. «Air Astana» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ümumi dəyəri 1,3 mlrd. ABŞ dolları olan bu kontrakt Qazaxıstanın mülki aviasiya tarixində ən iri sazişdir.

Müqaviləyə əsasən, «Boeing 767-300ER» təyyarələr 2013-2014-cü illərdə, «Boeing 787-8 Dreamliner» təyyarələri isə 2017-ci və 2019-cu illərdə ölkəyə gətiriləcək.

«Bu alıqı «Air Astana» şirkətinin dünyanın aparıcı aviaşirkətləri səviyyəsinə yüksəldir ki, bu da yüksək əməliyyat standartları və ətraf mühitə neqativ təsirin azaldılması üzrə aparılan işlərin nəticəsidir», – deyə şirkətin Direktorlar Şurasının sədri və «Samruk-Kazına» Milli Rifah Fondu»nun icraçı direktoru Nurcan Baydauletov bildirib.

N.Baydauletov həmçinin bəyan edib ki, ilkin investisiyalar istisna olmaqla şirkət yaranandan büdcə vəsaitlərindən istifadə etməyib və bu, yeni təyyarələrin alınması da şirkətin öz vəsaitləri hesabına həyata keçiriləcək.

«Air Astana» şirkətinin prezidenti Piter Foster bildirib ki, 12 saat fasiləsiz uça bilən «Boeing 767» təyyarələri bütün istiqamətlərdə istifadə ediləcək və «Boeing 757» təyyarələrini tədricən əvəz edəcək. Eyni zamanda, 16 saat fasiləsiz uça bilən «Boeing 787» təyyarələri ABŞ, Avstraliya və Afrika ölkələrinə aviareyslərin həyata keçirilməsinə imkan verəcək.

«Air Astana» şirkəti həmçinin 2011-ci ildə fəaliyyətinin yekunlarını açıqlayıb. Belə ki, 2011-ci ildə sərnişindaşıma 16% artaraq 3,1 mln. nəfərə çatıb. Ötən il yanacağın 130% bahalaşmasına baxmayaraq «Air Astana» şirkəti mənfəətlə işləyib. Həmçinin, hesabat ilində şirkətin aviaparkına üç «Embraer» təyyarəsi əlavə olunub. Ötən il Almatıdan Tbilisi (Gürcüstan) və Samaraya (Rusiya) reyslər açılıb və mövcud olan istiqamətlər üzrə reyslərin sayı artırılıb.

Qeyd edək ki, «Air Astana» aviaşirkəti «Samruk-Kazına» Milli Rifah Fondu» (51%) və Britaniyanın «BAE Systems Plc.» (49%) şirkəti tərəfindən təsis olunub. Hazırda şirkətin aviaparkında «B767-300», «V757-200», «A321», «A320», «A-319», «E-190» və «F50» təyyarələri var. Şirkət 23 daxili və 31 xarici aviareys həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR