Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub

Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub
# 12 aprel 2012 12:12 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Qazax rayonuna səfəri çərçivəsində inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub.

Prezidentin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, dövlət başçısına məlumat verilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunun layihələndirmə işləri 2007-ci ildən aparılıb, 2010-cu ilin martından isə tikintisinə başlanıb.

Zavodda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq.

Prezident İlham Əliyev zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanmış aparatlara baxıb, zavodun baş planı, texnoloji prosesi əks etdirən stendlər və müəssisənin maketi ilə tanış olub.

Qeyd olunub ki, Qazax sement zavodu istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30 faiz azalacaq. Müəssisənin texnoloji sxemi və baş planı “Azərdövlətmaşlayihə” İnstitutu tərəfindən hazırlanıb. Layihənin mühəndis-məsləhətçi şirkəti Türkiyənin “SC İndustry A.Ş.” şirkətidir. Zavodun inşaat işlərinin həyata keçirilməsinə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın müvafiq departamentləri və Azərbaycanın inşaat-quraşdırma şirkətləri cəlb olunub. Xüsusi təcrübə tələb olunan işlər üçün Çin Xalq Respublikasının “Sinoma” şirkəti dəvət edilib.

Prezident İlham Əliyev Qazax sement zavodu ilə bağlı texnoloji prosesin videotəsvirlərinə baxıb, zavodun tikintisi ilə bağlı görülmüş işlərdən razılığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR