Azərbaycanda «Boeing-787 Dreamliner» təyyarəsinin təqdimatı keçirilib - FOTO

Azərbaycanda «Boeing-787 Dreamliner» təyyarəsinin təqdimatı keçirilib - <font color=red>FOTO</font>
# 02 aprel 2012 14:44 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, şirkət bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanında «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin təqdimatını keçirib.

Dünya turu çərçivəsində bu təyyarə Cənubi Amerika, Mərkəzi Asiya, Rusiya və Avropanın 5 şəhərinə uçuşlar həyata keçirəcək. Azərbaycan Mərkəzi Asiyada bu hava gəmisinin nümayiş etdirildiyi ilk ölkədir. Eyni zamanda MDB ölkələri və Asiya regionu üzrə ABŞ korporasiyasına «Boeing-787 Dreamliner» sərnişin təyyarəsinin istehsalı ilə bağlı ilk sifarişi 2007-ci ildə məhz Azərbaycan verib. Azərbaycan 2014-cü ildə “Boeing-787-8” tipli iki təyyarə almağı və həmin ildən başlayaraq bu təyyarələrlə Şimali və Cənubi Amerikaya, Cənub-Şərqi Asiyaya və Avropanın bir sıra ölkələrinə uçuşlar həyata keçirməyi planlaşdırır.

Mərasimdə çıxış edən “Boeing”in Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya ölkələrində satış üzrə vitse-prezidenti Martin Bentrott AZAL-la əməkdaşlığı genişləndirməyin onlar üçün çox xoş olduğunu bildirib. Onun sözlərinə görə, bu təyyarə ABŞ aviasiyası tarixində geniş füzelyajlı hava gəmiləri arasında ən çox satılan təyyarədir.

«Boeing-787 Dreamliner»in Heydər Əliyev Beynəlxalq Hava Limanında bir günlük dayanacağı zamanı AZAL-ın kollektivi, KİV nümayəndələri hava gəmisinə ekskursiya edib, salondakı yeni imkanlarla tanış olub, təklif olunan yeni müasir texnologiyalar barədə məlumat alıblar.

Xatırladaq ki, 2011-ci ilin oktyabr ayında «Boeing 787 Dreamliner» avialayneri ilə ilk kommersiya aviareysi yerinə yetirilib. Tokio-Honkonq marşrutu üzrə yerinə yetirilən bu aviareys «Boeing 787 Dreamliner» təyyarəsinin ilk alıcısı olan Yaponiyanın «All Nippon Airways» aviaşirkəti olub.

«Boeing 787 Dreamliner» təyyarəsinin çəkisi Almaniya istehsalı olan «Airbus A330-200» avialayneri ilə müqayisədə 45 ton azdır və 135 ton təşkil edir. Bununla yanaşı, hazırda istismarda olan analoji təyyarələrlə müqayisədə yeni «Boeing»ın yanacaq sərfiyyatı 20%, havaya zərərli tullantıları 20% azaldılıb, istismar xərcləri 10% endirilib. Eyni zamanda «Boeing 787 Dreamliner»in salonu yenilənib və illüminatorlar 65% genişləndirilib, aerodrom rayonunda səs-küyün yayılma əhatəsi 60% azaldılıb. Konstruksiyanın 50%-i kompozisiya materiallarından hazırlanıb.

Təyyarə göyərtəsində 200-250 sərnişinlə enmədən 15 min km məsafəni qət edə bilir. Təyyarənin minimum uçuş məsafəsi enmədən 4560 km, maksimal məsafəsi 15700 km-dir. Təyyarədə sərnişin oturacaqlarının sayı 210-250, 250-290 və 290-330 olmaqla 3 modifikasiyada istehsal edilir. Dünyanın 60 aviaşirkəti tərəfindən 870-dən çox «Boeing-787 Dreamliner» təyyarəsi sifariş verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR