Avropa İttifaqı Azərbaycana alternativ enerji sektorunun inkişafı üçün yeni texnologiyalar təklif edir

Avropa İttifaqı Azərbaycana alternativ enerji sektorunun inkişafı üçün yeni texnologiyalar təklif edir
# 12 aprel 2012 10:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Avropa İttifaqı (Aİ) Azərbaycanda həyata keçirilən Energetika sahəsində islahatlara Dəstək Proqramının gedişindən razıdır. «APA-Economics»in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Roland Kobia bildirib.

Onun sözlərinə görə, Proqram çərçivəsində Avropa İttifaqının nəzərdə tutulan vəsaitlərin Azərbaycana köçürülməsi buna sübutdur. Bununla yanaşı səfir bildirib ki, proqram çərçivəsində bəzi işlər hələ də görülməli, o cümlədən bu sahədə yeni strategiya və inkişaf planı hazırlanmalıdır: «Artıq Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyi bu istiqamətdə işləyir və sənədlər təsdiqlənmə mərhələsindədir. Bu işlər ilin sonuna kimi yekunlaşmalıdır ki, Avropa İttifaqı vəsaiti köçürə bilsin».

R.Kobia adı çəkilən proqramın 2012-ci ildə başa çatacağına baxmayaraq, Aİ ilə Azərbaycan arasında bu sahədə əməkdaşlığın davam edəcəyini bildirib.

Avropada alternativ enerjidən istifadəyə böyük önəm verildiyini xatırladan səfir bildirib ki, planlara görə, 2020-ci ilədək Avropada alternativ enerjinin payı iki dəfə artaraq 20%-ə çatmalıdır. R.Kobia Azərbaycanda bu sahədə görülən işləri dəstəklədiyini bildirərək qeyd edib ki, Avropa İttifaqı bu sahədə Azərbaycana öz texnologiyalarını verə bilər.

Bununla yanaşı R.Kobia bildirib ki, Azərbaycan alternativ energetika ilə yanaşı, enerjidən səmərəli istifadə və ekologiya sahəsində də işlər aparmalıdır: «Ölkə rəhbərliyi tərəfindən enerjidən səmərəli istifadə edilməsi barədə də təşəbbüs göstərilsə, çox şad olardıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR