Azərbaycanın 5 dövlət orqanının dövlət qulluqçuları Türkiyədə təcrübə mübadiləsi aparır

Azərbaycanın 5 dövlət orqanının dövlət qulluqçuları Türkiyədə təcrübə mübadiləsi aparır
# 27 fevral 2012 15:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanın 5 dövlət orqanını təmsil edən dövlət qulluqçuları bu gündən Türkiyədə təcrübə mübadiləsi aparacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Komissiyanın Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları da daxildir. Səfər “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində hazırlanan və 21 dekabr 2009-cu il tarixdə Bakıda imzalanan “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2010-2011-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Proqramı”na əsasən hər iki ölkənin dövlət orqanları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Səfər martın 2-nə qədər davam edəcək. Fəaliyyət Proqramına əsasən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri ötən ilin 31 oktyabr – 4 noyabr tarixlərində Azərbaycanda səfərdə olublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR