Türkiyə parlamentinin üzvü: “Hökumət cümhuriyyət tarixinə zidd xarici siyasət yürüdür” - MÜSAHİBƏ

Türkiyə parlamentinin üzvü: “Hökumət cümhuriyyət tarixinə zidd xarici siyasət yürüdür” - <font color=red>MÜSAHİBƏ</font>
# 16 oktyabr 2012 07:29 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. CHP İstanbul millət vəkili, Türkiyə Mətbuat Şurasının keçmiş sədri Oktay Ekşinin APA-ya müsahibəsi

- Türkiyə Böyük Millət Məclisində Suriyaya qarşı hərbi əməliyyatlara icazə verən qanun layihəsi ilə bağlı qərar qəbul edilərkən iqtidar partiyası və ona dəstək verən MHP bunu “Türkiyənin mənafeyinə olan bir qərar” kimi xarakterizə etdi. Burada Türkiyənin hansı mənafeyindən söhbət gedir?

- Mən bunu anlamıram və Türkiyənin hər hansı mənafeyi olduğuna da inanmıram. Türkiyə Cümhuriyyətinin qurulmasından bəri görülməmiş işlərin bu hökumət dönəmində görülməsi Türkiyənin mənafeyinə daban-dabana ziddir. Nə demək istədiyimi bir az açıqlayım. Türkiyə Cümhuriyyəti qurulandan bəri hansısa əcnəbi ölkənin daxili işinə ordakı silahlı qruplara silah verərək, onları təlimatlandıraraq, hətta xarici dövlət tərəfindən “terrorçu” şəklində xarakterizə edilən insanlara dəstək verərək siyasət yürütməmişdir, bunun örnəyi yoxdur. Ancaq bu iqtidar dönəmində Suriyada çoxu nə olduğu qeyri-müəyyən olan qruplara silah və təlim verildi, onlara Türkiyə torpaqlarına sığınma və öz ölkələrinə qarşı hərbi əməliyyatlar təşkil etmə imkanı yaradıldı və beləliklə, 90 illik Cümhuriyyətin təməl dəyərlərinə daban-dabana zidd olan siyasət yürütdülər. İndi o siyasətin aparıb dirədiyi dalandan çıxmağa çalışırlar.

Başqasına güvənərək yola çıxmağın doğru olmadığına dair çoxlu atalar sözü var, mən onları xatırlatmadan sözlərimə davam edim. “ABŞ, NATO bizimlə birgə olacaq, Orta Şərqdə Osmanlı xəyalını həyata keçirəcəyik” romantizmi ilə yola çıxdılar, ancaq indi güvəndikləri bütün dağlara qar yağdığını görürlər. Heç bir ölkə öz milli mənafeyindən başqa xarici siyasət həyata keçirməz, bizimkilər isə başqalarının mənafeyinə uyğun xarici siyasət həyata keçirmək istədilər. Öyrənirlər, öyrənəcəklər, ancaq Türkiyənin başına bir bəla gəlmədən xarici siyasəti öyrənmələrini diləyirik. Məncə, bəla ehtimalı kiçik deyil, ən xırda təxribatla böyük bəlaya düçar ola bilərik. İnşallah, belə bir şey yaşamarıq, əgər başımıza belə bir şey gələrsə, bu siyasəti izləyənlər onun altında qalacaqlar. Türkiyə çox şey itirər və 1918-ci ilin noyabr ayının əvvəllərindəki durumu Türkiyə yenidən yaşaya bilər. O vaxt Türkiyəni Birinci Dünya müharibəsinə daxil edən “İttihad və Tərəqqi” partiyasının liderləri özlərini xaricdə atacaqları liman axtarmaq məcburiyyətində qaldılar və alman gəmiləri ilə bir gecə yarısı İstanbuldan qaçdılar. Türkiyəni bu cür macəralara sürükləyənlər qorxuram ki, o cür sıxıntılar yaşaya bilərlər. Ona görə Türkiyəni bu dalandan çıxarmaq yolunu taparlarsa, hamımız bir az rahatlayarıq. Ancaq işin getdikcə çətinləşdiyini də görürük.

- Hazırda Türkiyə Orta Şərq və Şimali Afrika cizgisində özünə mübarizə sahəsi yaradıb. Siz də yaxşı bilirsiniz ki, 2015-ci il yaxınlaşdıqca Türkiyənin şimali-şərq cəbhəsinin, yəni Ermənistanın və dünyadakı erməni diasporunun təzyiqinə məruz qalması ehtimalı böyükdür. Sizcə, Türkiyə bu cür dağınıq xarici siyasətlə bir neçə cəbhədə necə mübarizə aparacaq?

- Ermənilər uzun illərdən bəri türklərin onları qətl etdiyini, sanki evlərində oturub ticarəti, sənəti, iqtisadiyyatı ilə məşğul olan günahsız insanları öldürdüyünü iddia edirlər. Hitler yəhudiləri qazla öldürdü, ermənilərdən soruşsanız deyəcəklər ki, türklər də evlərimizə girib uşaq-böyük demədən bizi qətl etdi. Bunun gerçək olmadığını hamımız bilirik. Bunun gerçək olmadığını ən yaxşı bilənlər bu gün Türkiyənin cənubi-şərq vilayətlərini parçalamağa çalışanlardır. Suriyadakı Osmanlı torpaqlarına göndərilməkdə olan erməni ailələrini soyan, doğrayan, təcavüz edən, günahsız insanlara qarşı ən ağır insanlıq suçunu həyata keçirənlər, təkrar edirəm, bu gün Türkiyədən vətənin bir parçasını qoparmaq arzusu ilə ortaya çıxanlardır. Hər kəs bilir ki, o vaxt ermənilər rus ordusunun sıralarına qatılıb öz ölkəsinin ordusunu arxadan silahla vurmuşdu. Mülki türklərə ən ağır şərtlərdə hücum edərək onları qətlə yetirmişlər. Hələ də ermənilər tərəfindən qətl edilən türklərin toplu məzarları çıxır. Ermənilər o vaxt baş vermiş hadisələrin özlərinin işlərinə gələn hissələrini ortaya qoyub tarixə xəyanət edirlər və gerçək sülhə nail olmağı əngəlləyirlər. “Daşnaksütun” və diaspor ermənilərinin bu böhtanların arxasında olmasına görə üzgünəm. Onlar yenə bildiklərini edəcəklər. Bizim hökumətimiz uzun müddətdən bəri bu məsələ ilə ciddi məşğul olmadı, dünya ictimaiyyətinə lazımi məlumatı vermədi. Sadəcə, “arxivləri açdıq” deməklə kifayətləndilər. Ermənilər dünyanın hər yerindən öz mübarizələrinə uyğun kitablar yazdırdılar, təşkilatlar qurdular, dünya parlamentlərində qərarlar qəbul etdirdilər. Türkiyə illərdən bəri davam etdirilən mühasirənin içindədir, növbəti mərhələdə o qərarların BMT-də bir qərara çevrilməsi ehtimalı güclüdür. Bu, türklərin yox, Türkiyəni idarə edənlərin laqeydliyinin nəticəsidir. Proqnozdan, dövlət adamı xüsusiyyətlərindən məhrum idarəçilər Türkiyənin başına bir də bu bəlanı gətirirlər. Ermənilər torpaq və təzminat, həm də “soyqırım”a görə Türkiyənin cəzalandırılmasını tələb edirlər. Tablo getdikcə Türkiyə üçün daha da çətin hala gəlir. Ancaq seçkidə qalib gəlməkdən, prezident olmaqdan başqa zehnində heç bir şey olmayan adamlar ölkəni idarə edərsə, təəssüf ki, yaxın gələcəkdə bu cür acı gerçəklə üz-üzə gələ bilərik.

- Bu yaxınlarda baş nazir Rəcəb Tayyib Ərdoğan partiyanızın keçmiş liderlərindən biri, keçmiş prezident və baş nazir İsmət İnönünün “müharibədən sonra 146 azərbaycanlı ziyalını Stalinə təhvil verdiyini” dedi. Bu sözlər Azərbaycanda birmənalı qarşılanmadı, tarixçilər məsələnin mahiyyəti barədə ictimaiyyətə ətraflı məlumatlar verdilər. Bu barədə nəsə demək istərdinizmi?

- Hörmətli baş nazir səthi məlumatlarla danışmağı və haqsız yerə bizim partiyamıza hücum etməyi sevir. Tarixdən bir paraqraf oxuyub onu alayarımçıq şəkildə ictimaiyyətlə bölüşməyin nəticəsi yaxşı olmaz. Azərbaycanda bu məsələyə obyektiv yanaşılmasına sevindim. Türkiyə, CHP tarixinə düşmənlik hissi bəsləyən, xüsusilə İsmət paşaya haqsız yerə hücum etməkdən zövq alan bir zehniyyət tərəfindən idarə edildiyinə görə Azərbaycandakı elm adamlarının gerçəkləri ortaya çıxarması məni sevindirdi. Təəssüf ki, bunu Türkiyədə görə bilmədik. Bu da Türkiyədəki tarixçilərin o dönəmlə bağlı ciddi araşdırmalar aparmaması ilə bağlıdır. Əgər o dönəm yaxşı araşdırılsaydı, bir neçə tarixçi baş nazirin böhtan xarakterli sözlərinə cavab verərdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR