Dünya Bankı “Elektron hökumət” proqramı üzrə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır - FOTO

Dünya Bankı “Elektron hökumət” proqramı üzrə Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır - <font color=red>FOTO</font>
# 03 may 2012 11:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən «Əmlak idarəçiliyi və qeydiyyatında elektron xidmətlər: şəffaflıq və səmərəliliyin təminatı» mövzusunda ictimai təqdimat keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və arayışların alınması, həmçinin komitə tərəfindən həyata keçirilən müsadirə edilmiş əmlakların satışı üzrə elektron xidmətlər təqdim edilib.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, çevik və modern dövlət idarəetməsinin inkişaf etdirilməsi, şəffaflığın və səmərəliliyin artırılması üçün İKT-dən geniş istifadə edilməsi ölkədə aparılan müasirləşmə siyasətinin prioritetlərindən birinə çevrilib: «İKT-nin inkişafı ilə bağlı qəbul edilən qərarlar əsasında dövlət orqanlarının əhaliyə və biznes qurumlarına beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərilməsi təmin edilir».

Elektron xidmətlər sahəsində komitə tərəfindən həyata keçirilən işlərdən danışan K.Həsənov onu da qeyd edib ki, komitənin rəsmi internet səhifəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı və daşınmaz əmlakın vahid dövlət kadastrı ilə bağlı xidmətlər, dövlət əmlakı üzrə icarə haqlarının ödənişi, dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabatların qəbulu, vətəndaşların elektron müraciətini əhatə edən elektron xidmət bölməsi yaradılıb: «Bu bölmədə elektron xidmətlərin göstərilməsi qaydaları, əmlak qeydiyyatı və hərraclarda iştirak üçün müraciət formaları, tələb olunan sənədlərin siyahısı, dövlət rüsumu və xidmət haqları, bir sözlə, elektron xidmətlərdən istifadə etmək üçün tələb olunan bütün məlumatlar yerləşdirilib. Həmçinin komitənin internet saytı vasitəsilə xidmətlərə görə elektron ödənişlərin həyata keçirilməsinə də imkanlar təmin edilib».

K.Həsənovun sözlərinə görə, vətəndaşlar, hüquqi şəxslər və biznes qurumları daşınmaz əmlak üzərində hüquqların təkrar qeydiyyatı və yüklülük arayışlarının alınması üçün elektron qaydada müraciət edə bilərlər. Eyni zamanda müsadirə edilmiş əmlakın satışı ilə bağlı da keçirilən hərraclarda iştirak etmək üçün elektron qaydada müraciət etmək imkanları da yaradılıb.

Komitə sədri çıxışında həmçinin bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu sahədə Dünya Bankı, Almaniyanın KfW Bankı, Norveç və Koreya kimi ölkələrlə əməkdaşlıq edir, müxtəlif layihələr həyata keçirir.

«Müasir informasiya texnologiyalarının tətbiqi ilə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sisteminin imkanları genişləndirilib. Ölkə üzrə bütün ərazi qeydiyyat idarələrini əhatə edən vahid korporativ şəbəkə və mərkəzləşdirilmiş məlumat bazası yaradılıb. Eyni zamanda qeydiyyat idarələrinin yeni binalarla təmin edilməsi, İKT-nin və müasir geodezik cihazların tətbiqi geniş yer alıb. İşçilərin peşəkarlıq səviyyəsinin və bacarıqlarının artırılması, xidmət standartlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülüb. Həmçinin, elektron sənəd dövriyyəsi sisteminin tətbiqinə başlanıb», - deyə K.Həsənov qeyd edib.

Tədbirdə çıxış edən Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen Azərbaycanın son illər ərzində dinamik inkişaf etdiyini bildirib və qeyd edib ki, ölkə iqtisadiyyatının bir çox sahələri, o cümlədən İKT sahəsi sürətlə inkişaf edir. Dünya Bankı tərəfindən Azərbaycan hökumətinə «Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi»nin icrasına kreditin ayrılmasından danışan C.Ouen onu da bildirib ki, layihə ölkədə «Elektron hökumət»in tam formalaşmasına yardım göstərəcək: «Dünya Bankı bu sahədə Azərbaycana hər vaxt dəstək verir və biz bu istiqamətdə işlərimizi genişləndirməyə hazırıq».

C.Ouen onu da bildirib ki, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın elektron qeydiyyatı ölkədə şəffaflığı təmin edəcək və korrupsiyanın qarşısını alacaq: «Biz bu sahəyə vətəndaşları cəlb etməliyik və onları daha çox məlumatlandırmalıyıq».

Tədbirdə çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkənin İKT sahəsində əldə olunmuş nailiyyətlərindən danışıb və bildirib ki, «elektron hökumət» layihəsi çərçivəsində Azərbaycanda artıq «elektron imza» tətbiq olunub, eyni zamanda dövlət qurumlarının göstərdiyi elektron xidmətlərə dair vahid portalı və dövlət qurumları arasında məlumat mübadiləsi («elektron hökumət» şlüzü) istifadəyə verilib.

Qeyd edək ki, tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi, KfW, NETCAD, «Saybernet», Koreyanın «SK C&C», Sumqayıt Kadastr layihəsi üzrə podratçı şirkətinin, habelə ölkədə daşınmaz əmlak bazarında aktiv fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR