KXCP-dəki “Demokratik Birlik” fraksiyasının müşavirəsi keçirilib

KXCP-dəki “Demokratik Birlik” fraksiyasının müşavirəsi keçirilib
# 13 oktyabr 2012 15:27 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat Partiyasının qərargahında Klassik Xalq Cəbhəsi Partiyasındakı (KXCP) “Demokratik Birlik” fraksiyasının müşavirəsi keçirilib.

APA-nın məlumatına görə, toplantıda fraksiyanın həmtəsisçiləri, rayon təşkilatılarının sədrləri və partiya üzvləri iştirak ediblər.

Müşavirədə çıxış edən KXCP Xətai rayon təşkilatının sədri Rafiq Abdulla fraksiyanın yaranma səbəbləri və məqsədləri haqqında məlumat verib. Onun sözlərinə görə, KXCP-nin mövcud siyasi kursu partiya daxilində narazılığın yaranmasına səbəb olub və fraksiyanın yaradılmasına şərait yaradıb: “Biz əvvəllər də partiyanın İdarə Heyətinin toplantısında KXCP-nin siyasi kursunun dəyişməsi və yenidən müəyyənləşdirilməsini, Rəsulzadə-Elçibəy yoluna qaytarılmasını və müxalifətin bir araya gəlməsini təklif etmişdik. Lakin söz verilsə də, bu təkliflərin heç biri nəzərə alınmadı. Ona görə də fraksiyanı yaratdıq. Məqsədimiz Azərbaycanın siyasi səhnəsində fəallıq yaratmaq, müxalifətin öz sözünü deməsinə və Rəsulzadə-Elçibəy siyasi xəttində olan partiyaların birliyinə nail olmaqdır”.

KXCP sədrinin beynəlxalq məsələlər üzrə keçmiş müavini Qaya Əliyev isə çıxışında partiya rəhbərliyini ittiham edib. O, fraksiyanın məqsədləri, siyasi tərəfləri ilə yanaşı, hüquqi tərəfləri barədə də məlumat verib: “Rəhbərliyin tutduğu yol milli yol deyil. Partiya bir şəxsin istəyi ilə idarə olunur. Fraksiya çalışacaq ki, partiyadakı mövcud vəziyyət aradan qalxsın və demokratik şərait yaradılsın”.

KXCP sədrinin keçmiş müavini, partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusubov çıxışına başlamazdan əvvəl zala müraciət edərək, Müsavat və AXCP üzvlərindən zalı tərk etməyi xahiş edib. O, partiyadaxili məsələlərdən danışaraq, KXCP-nin indiyədək tutduğu yol və son vaxtlar partiyada baş verən hadisələrdən danışıb: “Partiyada arzuolunmaz bir istiqamət var. Son iki ildə partiyadan istefa verən insanların siyahısına nəzər saldıqda, vəziyyətin nə qədər acınacaqlı olduğu görünür. Təkcə onu qeyd etmək kifayətdir ki, son 4 ayda partiyanın İdarə Heyəti cəmi 2 dəfə toplanıb”. Ə.Yusubov Mirmahmud Mirəlioğluna müraciət edərək, onu partiyasına sahib olmağa çağırdıb.

KXCP sədrinin əlaqələr üzrə keçmiş müavini, fraksiyanın həmtəsisçisi Fikrət Cəfərov isə çıxışında üzvləri partiyanın mövcud siyasi kursuna etiraz etməyə, partiyanın Müsavat və AXCP ilə birgə mübarizə aparmağa çağırıb. O, KXCP sədrini öz yoluna qayırtmağa dəvət edib.

Sonda partiya üzvlərinə fraksiyaya dəvətlə bağlı müraciət olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR