Mübariz Əhmədoğlu: “İranda hakim dini və siyasi elita arasında iranvari iyrənc qarşıdurma İran dövlətçiliyinin süqutuna şərait yaradır”

Mübariz Əhmədoğlu: “İranda hakim dini və siyasi elita arasında  iranvari iyrənc qarşıdurma İran dövlətçiliyinin süqutuna şərait yaradır”
# 13 fevral 2012 09:04 (UTC +04:00)
Bakı-APA. “İran İslam Respublikasında prezidentlə dini lider, prezidentin tərəfdarları ilə yüksək çinli din xadimləri arasında ziddiyyət və çarpışmanın olması gizli məsələ deyil. Bu barədə dünya mətbuatında kifayət qədər məlumatlar gedib”. APA-nın məlumatına görə, bu fikirlər politoloq Mübariz Əhmədoğluna məxsusdur.

O bildirib ki, ABŞ prezidenti Barak Obamanın İranın dini liderinə müraciət etməkdə əsas hədəflərindən biri də ziddiyyətlərin fonunda prezidentin iş görmək qabiliyyətinin müəyyən edilməsi idi: “ABŞ-ın Milli Kəşfiyyat İdarəsi İranda hakim elita daxilindəki ziddiyyətlər barəsində təsdiq formasında danışmağa başladı. Bu vaxtadək ABŞ rəsmiləri, o cümlədən xüsusi xidmət orqanlarının rəhbərləri İrandakı vəziyyətlə bağlı ehtimal xarakterli fikirlər söyləyirdilər. İndi təsdiqləyici formada danışmaqla həm İranın daxilinə mesaj verirlər, həm də özlərini İrana qarşı ciddi kampaniyaya hazırlayırlar. İranda iki rəhbər şəxs arasındakı kəskinləşən ziddiyyət indiki mərhələdə İranın Ali dini liderinin əleyhinə çevrilib. Ola bilər, prezident Əhmədinejatın əldə etdiyi üstünlük müvəqqəti və ya mövqe üstünlüyü olsun, amma bu gün Əhmədinejatın hakimiyyətdaxili ziddiyyətdə Ali dini lideri üstələməsi göz qabağındadır. İranın Ali dini liderinin ətrafında olan bəzi şəxslər artıq Əhmədinejata dəstək verməyə başlayıblar. Ola bilər, İranın Ali dini liderində həmin adamların Əhmədinejata nəzarət etməsi təsəvvürü olsun. İranda belə şey mümkündür. Başqa sözlə, İrandakılar təkcə başqalarına yox, həm də bir-birinə hiylə-kələk gəlirlər. İranın Ali dini liderinin ətrafının onu səhv yola tuşlandırması adicə baxışla görünür.
Yaxınlarda Rusiyanın üç federal televiziya kanalından biri olan “NTV” kanalı İranla əlaqəli təxminən bir saatlıq veriliş yayımladı. Səhv və ya düz olmasından asılı olmayaraq bu populyar telekanaldakı həmin veriliş İranın ümumilikdə maraqlarını çox gözəl açdı və müdafiə etdi. İranın maraqları prizmasından orda cəmi bir ziyanlı məqam var idi: İran ərazisindən Rusiyaya qarşı təhlükə olarsa, Rusiya İrana xəbərdarlıq etmədən öz qoşunlarını İranın ərazisinə yeridə bilər. 1940-cı ildə SSRİ ilə İran arasında imzalanmış müqavilə buna hüquqi əsas yaradır. İranın 1940-cı ildə imzalanmış müqaviləyə dəfələrlə apelyasiya etməsini nəzərə alsaq, deyə bilərik ki, İran ekstremal vəziyyətlərdə Rusiya qoşunlarının öz ərazisinə daxil olmasına psixoloji baxımdan hazırdır. Rusiya üçün belə üstünlük yaradan müqavilənin yenilənməsinin və ya denonsasiyasının İran tərəfdən gündəliyə gətirilməməsi də çox şey deyir. İranda müstəqil siyasətçiliyin əleyhinə olanların çoxluğu bizə bəllidir. O baxımdan İranın ərazisinə Rusiya qoşunlarının daxil olması, bizcə, İranın daxilində elə ciddi ajiotaj yaratmayacaqdır. Həmin verilişdə mənim daha çox diqqətimi çəkən hakim elita daxilindəki ziddiyyətin qabardılması idi. Guya prezident Əhmədinejat texnardır (oxu: texnokrat), inkişaf etmiş dünyəvi dövlət qurmaq istəyir və bunun üçün ona yenidən seçilmək lazımdır. Amma çalmalılar (oxu: əmmaməlilər və ya ayətullahlar) ona maneçilik edirlər.

Əslində, bu tezis İrana qarşı müharibəni daha da əsaslandıran və ya şirnikləşdirən tezisdir. Qərb üçün İranın dini lideri Seyid Əli Xamneyi ilə İranın prezidenti Əhmədinejat arasında qətiyyən fərq yoxdur. Ola bilər, dini liderin Qərbin əlində alət ola bilməsini heç kəs ağlına gətirmir və ya düşünmür, amma Qərbdə kimsə düşünə bilər ki, prezident Əhmədinejatdan vasitə kimi istifadə edib, İranın dini liderinin “darvazasından içəri keçmək olar.

Azərbaycanın müstəqilliyi çox yorğanlar yırtdı, çox simalar açdı. Dağlıq Qarabağ münaqişəsi kontekstində Qərbin gözündə bir azərbaycanlı obrazı var. Ermənilər və Qərb üçün Azərbaycanın iqtidar və ya müxalifət təmsilçisi arasında zərrə qədər fərq yoxdur. Bu fikrə indi Azərbaycanda heç kim şübhə etmir. İranda da vəziyyəti belə görürük. Söhbət İranın taleyinin həllindən gedir, İranın Ali dini lideri Xamneyini və ya Əhmədinejatı hakimiyyətdə saxlamaqdan getmir. Hər halda İrandakılar danışanda özlərini yerdən göyə qədər, şimaldan cənuba, şərqdən qərbə nə varsa, hamısını bilən kimi aparırlar. Amma deyəsən, onların çoxbilmişliyi İranda məşhur məsəldə deyildiyi kimi, babiliyə gətirib çıxarıb. İndiki iranlıların, o cümlədən siyasi elita üzvlərinin böyük əksəriyyətinin üzü deyəsən Qərbə tərəfdir.
İranın prezidenti Əhmədinejat qarşıdakı parlamenti tam öz nəzarətinə keçirmək ərəfəsindədir. Bu artıq onun ata dediyi dini liderlə münasibətində həlledici mərhələ olacaqdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR