“Azercell” Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində 4G xidmətini istifadəyə verəcək

“Azercell” Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində 4G xidmətini istifadəyə verəcək
# 17 fevral 2012 09:44 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə “Azercell Telekom” şirkətinin prezidenti Ali Ağan bildirib.

Onun sözlərinə görə, şirkətin 3G xidmətini istifadəyə verməsi geciksə də, 4G xidmətini “Eurovision-2012” ərəfəsində istifadəyə vermək niyyətindədir.

“4G xidmətlərinin göstərilməsinə dair lisenziya almaq üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik və bununla bağlı danışıqlar aparılır. 4G xidmətlərinin tətbiqi abunəçilərə daha geniş imkanlar yaradacaq” - deyə A.Ağan əlavə edib. Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşdüyünü deyən şirkət prezidenti bildirib ki, nazir “Azercell”ə 4G lisenziyasının veriləcəyini söyləyib: “Sənədləşmə işlərini yaxın 1-2 həftə ərzində tamamlayacağıq və 99% əminlikdə deyirəm ki, “Eurovision” ərəfəsində 4G xidmətini istifadəyə verəcəyik”.

Xatırladaq ki, “Azercell”dən başqa, “Azerfon” və “Bakcell” şirkətləri də 4G xidmətlərinin göstərilməsinə dair lisenziya almaq üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət edib. Artıq 4G xidmətinin tətbiqi üzrə regionlarda sınaqlara başlanılıb. “Azercell” Naxçıvan Dövlət Universiteti (NDU) ərazisində 4G sınaq şəbəkəsi yaradıb. “Azercell”lə mobil rabitə sahəsində müxtəlif texnoloji həllər təqdim edən Çinin ZTE şirkəti ilə birgə həyata keçirilən universitetin tələbələri üçün innovativ layihənin köməyilə ümumi ərazisi 108 hektar olan NDU-da 4 mindən artıq tələbənin 4G texnologiyasının təqdim etdiyi üstünlüklərdən yararlanmaq imkanı olacaq. Bu isə, yüksək sürətli mobil internet, böyük həcmdə mobil datanın ötürülməsi kimi son texnoloji nailiyyətləri tələbələrin şəxsən özlərinin sınaqdan keçirmək imkanı yaradır.

Qeyd edək ki, 4-cü nəsil texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR