Türkiyə millisinin sabiq üzvü Azərbaycan yığması ilə müqavilə bağladı

Türkiyə millisinin sabiq üzvü Azərbaycan yığması ilə müqavilə bağladı
# 03 may 2012 11:55 (UTC +04:00)
Bakı – APA. Kişi basketbolçular arasında Azərbaycan milli komandasına yeni məşqçi təyin edilib. Bu barədə məlumatı apasport.az saytına Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas verib.

Onun sözlərinə görə, bundan sonra türk əsilli, amma ABŞ-da yaşayan və işləyən Əli Ton baş məşqçi Elxan Əliyevə köməklik edəcək: “Bu mütəxəssis vaxtı ilə “Qalatasaray” və “Türk Telekom” kimi klublarda forma geyinib. Türkiyədə tanınmış idmançı olub. Yığmanın şərəfini qoruyub. 2005-ci ildən isə ABŞ-a köçüb və məşqçilik fəaliyyətinə başlayıb. Bir neçə komandada çalışan Ton hazırda universitetlərarası çempionatda mübarizə aparan “Kaliforniya”da məşqçi köməkçisidir”.

Türknas bildirib ki, onun gəlişi Əliyevin digər köməkçisi Elşən Yusubovun gedişi demək deyil: “Əli yalnız yığmada oyunlar ərəfəsində komandaya köməklik edəcək. Müəyyən müddət idi ki, onu gətirmək istəsək də, sonda razılığını ala bildik. Tonun milliyə çox köməyi dəyəcək. O, həm də bizimlə birgə Azərbaycanda müəyyən proqramlar həyata keçirəcək. Məsələn, yeniyetmələr və gənclər arasında seçim edərək, Amerikada oynaya biləcək basketbolçu tapacağı halda onun oraya gedişində yardımçı olacaq. Özü də onun milliyə gəlişində Elşən Yusubov komandadan getməyəcək. Hər 2 mütəxəssis köməkçi vəzifələrində çalışacaqlar”.

Qeyd edək ki, Tonun 37 yaşı var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR