Sabirabad rayonunda narkotik vasitələrin satışı ilə bağlı faktlar aşkarlanıb

Sabirabad rayonunda narkotik vasitələrin satışı ilə bağlı faktlar aşkarlanıb
# 07 fevral 2012 08:10 (UTC +04:00)
Sabirabad. Əlibəy Zeynallı - APA. Azərbaycanın Sabirabad rayonunda narkotik vasitələrin satışı ilə bağlı faktlar aşkarlanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi Vüsal Şəbəndiyev bildirib. Məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Suqovuşan kənd sakini, 53 yaşlı Nəsirov Bayram İltifat oğlu üzərində gəzdirdiyi 5,8 qram narkotik vasitə olan qurudulmuş marixuananı 30 manat qarşılığında həmkəndlisi Qafarov Canpolad Cəmil oğluna satarkən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 234.2. (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. B.Nəsirovun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbiri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Qəzli kənd sakinləri - əvvəllər məhkumluq olunmuş Abdullayev Fəqani Abbas oğlu, Abubəkirov Fuad İbrahim oğlu, həmçinin Surra kənd sakinləri Şıxəliyev Zöhrab Haybəli oğlu və Ələkbərov Ehtiram Vahid oğlu saxlanılıblar.

Onların barəsində Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR