Azərbaycanlı məcburi köçkünlər tərəfindən Avropa Məhkəməsinə Ermənistana qarşı 1000-dək müraciət göndərilib

Azərbaycanlı məcburi köçkünlər tərəfindən Avropa Məhkəməsinə Ermənistana qarşı 1000-dək müraciət göndərilib
# 29 fevral 2012 07:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Çıraqovların Ermənistana qarşı iddiasının qəbul edilən sayılması barədə Avropa İnsan Haqları Məhkəməsi ötən ilin dekabrında qərar çıxarıb. Bu il yanvarın ortalarında isə bu qərar məhkəməsinin saytında yerləşdirilib”. APA-nın məlumatına görə, bunu Azərbaycan hökumətinin Avropa İnsan Haqları Məhkəməsindəki (AİHM) səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov deyib.

Ç. Əsgərov qərardan məmnun olduqlarını və bu nəticəni gözlədiklərini bildirib: “Hazırda növbəti mərhələ üçün hazırlıq işləri aparılır, əlavə sübutlar toplanır”.

Səlahiyyətli nümayəndə eyni zamanda ermənilərin Azərbaycana qarşı şikayətlərinin rədd edilməsi üçün də əlavə sübutlar topladıqlarını vurğulayıb: “Mən bu işlərə böyük ümidlə yanaşıram. Hesab edirəm ki, Çıraqovların Ermənistana qarşı iddiası təmin olunacaq, eyni zamanda Avropa Məhkəməsi bizim dəlillərimizi qəbul edərək ermənilərin Azərbaycana qarşı şikayətlərini rədd edəcək”.

Məcburi köçkünlərin Ermənistana qarşı Avropa Məhkəməsinə müraciətlərinin kütləvi xarakter aldığını qeyd edən Ç. Əsgərov indiyədək 1000-dək müraciət göndərildiyini diqqətə çatdırıb: “Ümumilikdə götürəndə bu müraciətlərin sayı azdır. Avropa Məhkəməsinə müraciət etmək üçün müəyyən sübutlar təqdim etmək lazımdır. Bir çox köçkünlər isə evlərinin sənədlərini götürməyə belə imkan tapmayıblar, sübut hesab edilə bilən materiallar evlərdə qalaraq yandırılıb. Ona görə də bu şikayətlərin Avropa Məhkəməsində baxılmasının mümkünlüyü kifayət qədər mürəkkəb məsələdir. Təqdim olunan 1000-dək şikayət isə kifayət qədər əsaslı şikayətlərdir. Çıraqovların işinə baxılandan sonra digər şikayətlərə də baxılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR