Cahangir Hacıyev: «Texnikabank»da vəziyyət tam bərpa olunub»

Cahangir Hacıyev: «Texnikabank»da vəziyyət tam bərpa olunub»
# 27 iyun 2012 12:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) ekspertlərinin köməkliyi ilə «Texnikabank» ASC-də yaranmış problemli vəziyyət artıq tam bərpa olunub. Bunu «APA-Economics»ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, «Texnikabank»ın səhmdarlarının qərarı ilə ABB-nin əməkdaşları kömək məqsədilə bu banka dəstək olublar: «Texnikabank»dan başqa, Beynəlxalq Sığorta Şirkətinin əməkdaşları təsisçisi «Texnikabank» olan «Alfa Sığorta» şirkətinə də köməklik ediblər».

C.Hacıyev bildirib ki, bu günə olan məlumata görə, bankda vəziyyət tam bərpa olunub: «Bankda hazırda nəinki təhlükə yoxdur, ümumiyyətlə qısa bir zamanda böyük irəliləyiş əldə olunub».

Qeyd edək ki, bu yaxınlarda «Texnikabank»ın Müşahidə Şurasının yeni tərkibi formalaşıb. Belə ki, Müşahidə Şurasının sədri vəzifəsinə əvvəllər ABB-nin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Rövşən İsmayılov, üzvləri isə ABB-nin əməkdaşları Fuad Mürşüdlü və Rauf Ağayev təyin ediliblər.

Xatırladaq ki, Azərbaycanın ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Səhmlərin qalan 40%-i xüsusi mülkiyyətdədir, 10%-i isə bankın əmək kollektivinə məxsusdur.

«Texnikabank» ASC isə 1993-cü ildə təsis olunub. Bankın 35 filialı və 637 işçisi var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR