Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 əməkdaşı tutduğu vəzifədən azad edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 əməkdaşı tutduğu vəzifədən azad edilib
# 31 may 2012 13:51 (UTC +04:00)
ƏƏSMN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Füzuli Ələkbərovun sədrliyi ilə keçirilən iclasda video-konfrans sistemi vasitəsilə distant formada Nazirliyin yerli strukturlarının məsul şəxsləri də iştirak ediblər.

İclasda ünvanlı sosial yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi və mərkəzləşdirilmiş qaydada aparılması məqsədilə yeni icra mexanizmlərinin tətbiqi, bununla bağlı seçilmiş 18 pilot rayonda görülən işlər, habelə aktiv sosial müdafiə tədbiri olan «Özünədəstək» - birdəfəlik ünvanlı dövlət sosial yardımı proqramının icrası işlərinin rayonlar üzrə əhatə dairəsinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər müzakirə olunub. Eyni zamanda, yeni sosial xidmət modellərinin tətbiqi və bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın gücləndirilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi istiqamətində aparılan işlər təhlil edilib. Toplantıda vətəndaşlar tərəfindən Nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin araşdırılması, həmçinin bölgələrdə vətəndaşların müraciətlərinə özlərinin iştirakı ilə obyektiv və ədalətli baxılması işlərinin nəticələri təhlil olunmaqla, vətəndaş narazılığına səbəb olan nöqsanlara yol vermiş əməkdaşlar barəsində görülmüş tədbirlər barədə məlumat verilib. F.Ələkbərov müzakirə olunan məsələlərlə bağlı aidiyyəti strukturların rəhbər şəxslərinə müvafiq tapşırıqlar verib.

Sonda kollegiya iclasının qəbul etdiyi qərara əsasən, vətəndaşlara xidmət sahəsində yol verdikləri nöqsanlara görə Ağcabədi, Astara, Lənkəran və Şəmkir rayonlarının Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin (ƏSMM) direktorlarına intizam tənbehinin tətbiq edilməsi barədə həmin rayonların icra hakimiyyətlərinə təqdimatlar verilib. Həmçinin Ağcabədi, Astara, Gədəbəy, Şəmkir, Quba, Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorlarının baş məsləhətçiləri olan ümumilikdə 6 əməkdaş tutduqları vəzifədən azad edilib.

Quba və Lənkəran rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşa töhmət verilib, Gədəbəy və Şəmkir rayon ƏSMM-lərinin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşın ixtisas dərəcəsi bir pillə aşağı salınıb. Ağcabədi rayon ƏSMM-nin ünvanlı sosial yardım və sosial müavinətlər sektorunun baş məsləhətçiləri olan 2 əməkdaşın vəzifə maaşları bir il müddətinə 20% azaldılıb. Yevlax rayon ƏSMM-nin direktor vəzifəsinin əmək funksiyalarını icra edən şəxsin stasionar müalicədə olduğu nəzərə alınaraq onun vəzifə məsuliyyətinə işə başladıqdan sonra baxılacağı qərara alınıb. Qərara əsasən, fəaliyyətində buraxdığı ciddi nöqsanlara görə Naftalan şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkiminə sonuncu xəbərdarlıq elan edilməklə şiddətli töhmət verilib.

Onu da qeyd edək ki, 2010-cu ildə Nazirlikdə yaradılan VC (video-konfrans) sistemi vasitəsilə ayrı-ayrı bölgələrdə yaşayan vətəndaşların distant qəbulları təşkil edilir. Artıq Naxçıvan, Gəncə, Göyçay, Lənkəran, Şəki, Abşeron rayonlarındakı ƏSMM-lərində də mövcud olan və həmin rayonlarla video-əlaqə yaratmaq imkanı verən bu sistemin cari ildə 30-dan çox rayonda quraşdırılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR