Rəcəb Tayyib Ərdoğan: “Suriya konfliktinin həllinin uzadılması Bəşər Əsədin atası Hafiz Əsədin törətdiyi qətliamları ağıla gətirir”

Rəcəb Tayyib Ərdoğan: “Suriya konfliktinin həllinin uzadılması Bəşər Əsədin atası Hafiz Əsədin törətdiyi qətliamları ağıla gətirir”
# 18 iyul 2012 20:37 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putin və Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvada birgə mətbuat konfransı keçiriblər. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Suriya konfliktinin həllində Türkiyənin Cenevrə kommunikesini dəstəkləməsindən məmnun qaldığını söyləyib. R.T. Ərdoğan isə Suriyanın sabitliyi və ümumiyyətlə bölgədə sabitliyin bərqərar olmasında Rusiya ilə eyni düşüncəyə malik olduqlarını bildirib.
Rusiyalı jurnalistin “Suriya lideri Bəşər Əsəd hakimiyyətdən gedərsə, ölkədə xaos baş verərmi?” sualına Ərdoğan, “Suriyada sabitliyin bərqərar olmasında Rusiyadan fərqli düşüncəmiz yoxdur. Biz Suriyanın bölünməsinin əleyhinəyik” deyə cavab verib: “Amma bildiyiniz kimi Suriyada avtoritar rejim hökm sürür və bunun nəticəsində 18 minə yaxın dinc sakin qətlə yetirilib. Suriyada öz xalqını amansızcasına qətlə yetirən rejim var. 40 min suriyalı qaçqın bizim ölkədə, 150 min İordaniyada, 20 min qaçqın isə Livanda var. Biz deyirik ki, xalqın iradəsi nəyi istəyirsə, o olsun. Bəşər Əsəddən sonrakı qərarı Suriyanın xaricindəki ölkələr verməsin, Suriya xalqı özü qərar versin. BMT Təhlükəsizlik Şurasına bu vəzifənin icrasında mühüm rol oynayır. Cenevrədəki konfrans konfliktin həllində önəmli bir yol xəritəsidir. Bu çərçivədə nəticəyə qazanacağımıza inanıram. Lakin konfliktin həllinin uzadılması Bəşər Əsədin atası Hafiz Əsədin törətdiyi qətliamları ağla gətirir. Türkiyə qətliamların dayandırmasını və Suriyada barışın, sülhün bərqərar olmasını istəyir. Bu sülh və barış xalqın iradəsi ilə olmalıdır”.
R.T. Ərdoğan Suriya tərəfindən vurulan Türkiyə hərbi təyyarəsi ilə bağlı da açıqlama verib. Onun sözlərinə görə, vurulan türk hərbi təyyarəsi ilə bağlı Rusiya tərəfi ilə heç bir sənəd paylaşılmayıb: “Sadəcə olaraq məlumatı paylaşmaq üçün Vladimir Putinlə telefonda söhbətimiz olub”.
Rusiya prezidenti Vladimir Putin Türkiyənin Rusiyanın strateji tərəfdaşı olduğunu söyləyib: “Bu strateji tərəfdaşlıq davam edəcək. 2011-ci ildə iki ölkə arasında illik ticarət dövriyyəsi 26 faiz artaraq 32 milyard ABŞ dolları olub. Bizim Əlaqələrimiz yüksələn xətlə davam edir. Enerji sahəsində çox ciddi çalışmalarımız olub. Xüsusilə də atom enerjisi sahəsində”.
V. Putin Ərdoğanla Suriya məsələsini və gündəmdə olan bir sıra məsələləri müzakirə etdiklərini söyləyib: ”Biz bölgədə əlaqələri yüksək səviyyədə olan iki ölkəyik. İllik ticarət dövriyyəsini 100 milyard dollara qədər artırmağı düşünürük”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR