Bu gün saat 20 .00 da Qız Qalasının işıqları söndürüləcək

Bu gün saat 20 .00 da Qız Qalasının işıqları söndürüləcək
# 31 mart 2012 12:55 (UTC +04:00)
“Yer Saatı” kampaniyasına Bakıdan başqa, Azərbaycanın digər bölgələrində də qoşulacaqlar

Bakı-APA. Bu gün saat 20:30-da dünyanın hər yerində yüz milyonlarla insan elektrik enerjisindən istifadəsiz bir saat – “Yer saatı” kampaniyası çərçivəsində bir araya gələcək. “İrəli” İctimai Birliyindən APA-ya verilən məlumata görə, planetin qorunmasına dəstək olaraq həyata keçirilən kampaniya çərçivəsində Bakı şəhərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Qız Qalası, Şirvanşahlar Sarayı, “Park Bulvar”, “Hilton Otel”, “Bridge Plaza”, Azərbaycan Texniki Universiteti kimi tikililərin işıqları bir saatlıq söndürüləcək. Paytaxtla yanaşı Gəncə, Lənkəran, Lahıcda da bu kampaniyaya qoşulacaqlar.
Ölkə üzrə ən böyük “Yer Saatı” aksiyası saat 20:00-da Qız Qalasının işıqlarının söndürülməsi ilə baş tutacaq.
Qeyd edək ki, “Yer Saatı” kampaniyası ilk dəfə 2007-ci ildə Sidney şəhərində baş tutub. Hər il mart ayının son şənbə günü kampaniyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması bir saatlıq müddətinə söndürülür. Bununla da kampaniya iştirakçıları təbiətin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizədə birgə olduqlarını bəyan edirlər. Kampaniya müddətində bütün dünya üzrə Eyfel qülləsi, Misir ehramları, Bukinqem Sarayı, Sidney Opera Evi və digər bu kimi möhtəşəm tikililərin işıqlanması bir saat müddətində dayandırılıb. Bu il kampaniyaya 147 ölkədən 5000 şəhər qatılacaq.
Xatırladaq ki, Azərbaycanda bu kampaniya ilk dəfə olaraq 2011-ci il tarixində keçirilib və Azərbaycan qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur. Bu il “Yer Saatı” kampaniyası ölkənin 4 şəhərində, IDEA kampaniyasının dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR