“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan 3 qeyri-yaşayış sahəsi hərracda tam qiymətindən 10% aşağı qiymətə satılıb.
“APA-Economics” əldə etdiyi məlumata görə, ilk hərracın nəticələri məlum olub.
Sentyabrın 16-da keçirilən hərracda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən üç qeyri-yaşayış sahəsi satılıb. Sahəsi 36,5 kvadratmetr olan və tam qiyməti 80 min 300 manat müəyyənləşdirilən əmlak 72 min 270 manata satılıb. Tam qiyməti 81 min 400 manat olan 37 kvadratmetrlik əmlakın satış qiyməti 73 min 260 manat, tam qiyməti 86 min 680 manat olan 39,4 kvadratmetrlik əmlakın satış qiyməti isə 78 min 12 manat təşkil edib.
Beləliklə, tam qiyməti ümumilikdə 248 min 380 manat olan üç əmlak 223 min 542 manata satılıb. Bununla da əmlaklar tam qiymətindən ümumilikdə 24 min 838 manat və ya 10% aşağı qiymətə realizə olunub.
Qeyd edək ki, satış qiymətləri hərrac üçün müəyyən edilmiş start qiymətlərinə bərabər olub.
Xatırladaq ki, ümumilikdə “Aqrarkredit”in balansında olan ümumilikdə 44 qeyri-yaşayış sahəsi hərraca çıxarılıb. Həmin əmlakların ümumi sahəsi 11 445,2 kvadratmetr, ümumi start qiyməti isə 10 milyon 467 min 784,9 manat təşkil edir.
Məlumata görə, əmlakların hərraca çıxarılması bir qrup sahibkarın dövlətə məxsus "Aqrarkredit" BOKT-dan kənd təsərrüfatı təyinatı adı altında 100 milyon manatdan artıq kredit götürərək şəxsi ehtiyaclarına xərcləməsi ilə əlaqələndirilir.
Bununla bağlı cinayət işi başlanıb. İş üzrə 6 nəfərin saxlanıldığı, onlara xüsusilə külli miqdarda dələduzluq ittihamının irəli sürüldüyü və barələrində həbs qətimkan tədbiri seçildiyi bildirilib. Həmçinin, istintaq çərçivəsində “Aqrarkredit”in sabiq rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev barəsində də cinayət təqibi aparılır.