Sankt-Peterburqda Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin sərgisi açılıb - FOTOSESSİYA

Sankt-Peterburqda Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin sərgisi açılıb - <span style="color: red;">FOTOSESSİYA
# 30 oktyabr 2014 09:50 (UTC +04:00)

Sankt-Peterburq. Fərid Əkbərov – APA. Sankt-Peterburq şəhərindəki Rusiya Muzeyinin Mərmər sarayında Azərbaycanın əməkdar rəssamı Rasim Babayevin (1927-2007) sərgisi açılıb. APA-nın Rusiya bürosunun məlumatına görə, sərgi Heydər Əliyev Fondu, Rusiya Muzeyi və “Mərcani” Fondu tərəfindən təşkil olunub.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu günün Azərbaycanın mədəniyyəti üçün önəmli bir gün olduğunu bildirib: “Azərbaycan və Rusiyanı siyasi, mədəniyyət və iqtisadiyyat sahəsində qədim və möhkəm dostluq telləri bir-birinə bağlayır. Azərbaycanda rus ədəbiyyatını, teatrını, kinosunu və rəngkarlığını çox sevirlər. Çox sevindiricidir ki, Azərbaycan incəsənəti və mədəniyyəti Rusiyada çox geniş və layiqincə təmsil olunur. Rusiya Muzeyi təxminən 120 ildir ki, mövcuddur və bu muzeyin divarlarında nadir əsərlər nümayiş olunub. Bu gün biz dövrümüzün istedadlı rəssamlarından sayılan Rasim Babayevin əsərlərini sizə təqdim edirik. Onun işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyada qalereya və şəxsi kolleksiyalarda nümayiş olunub. Rasim Babayevə sağlığında Fransada yaşamaq və işləmək təklif olunmuşdu. Lakin o, bundan imtina eləmişdi. Çünki Azərbaycandan kənarda yarada bilməzdi. Rasim Babayev yaradıcılıq ilhamını xalq nağıllarından və əfsanələrdən alıb. Bu səbəbdən də, onun əl işləri işıqlı və rəngarəngdir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Azərbaycan incəsənətinin dünyada təbliğinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. Səfir Rasim Babayevi şəxsən tanıdığını, onun əsrarəngiz rəssam olduğunu və böyük yaradıcılıq irsi qoyduğunu söyləyib.

Daha sonra “Mərcanı” Fondunun prezidenti Rüstəm Süleymanov, Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, millətlərarası və dinlərarası komitəsinin sədri Mixail Lebedinski çıxış ediblər.

Sərgidə Rasim Babayevin 60-a yaxın əsəri nümayiş olunub.

Sərgi noyabrın 24-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR