Azərbaycan bankları problemli kreditləri kollektor agentliyi vasitəsilə qaytarmağa başlayıb

Azərbaycan bankları problemli kreditləri kollektor agentliyi vasitəsilə qaytarmağa başlayıb
# 27 mart 2013 10:19 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti – «BOA» kollektor agentliyinin direktoru Samir Mustafayev bildirib.

Onun sözlərinə görə, problemli borclar artdığına və banklar belə borcları qaytarmaq üçün xüsusi imkanlara malik olmadıqlarına görə, bu məsələnin həlli üçün kollektor agentliyinə müraciət edir: «Köhnə borcların qaytarılmasına əlavə pul xərcləməkdənsə, bu işləri bizə, yəni kollektor agentliyinə həvalə edib, xidmət haqqını isə yığılan pullardan ödəmək banklar üçün daha sərfəlidir».

Şirkət rəhbəri bildirib ki, problemli borcların yığılması - kollektor xidmətlərinə tələbatın artmasının əsas səbəbi bank kreditlərinin həcminin artması və kredit şərtlərinin yüngülləşdirilməsidir.

Ötən ilin mayında fəaliyyətə başlayan «BOA» kollektor agentliyinin əsas müştəriləri banklar və satışı kreditlə aparan hüquqi və fiziki şəxslərdir: «Banklar, problemli borcları bizə bir neçə yüz kreditin olduğu portfel şəklində verir. Biz bu kreditlərlə işləyərək tədricən həmin pulları geri qaytarırıq, pullar geri qayıtdıqca, yeni problemli müştərilər bizə ötürülür. Bundan başqa, satışı kreditlə aparan hüquqi və fiziki şəxs olan müştərilərimiz də var. Bura kompüter mağazaları, məişət texnikası satışı ilə məşğul olan və s. şirkət və təşkilatlar aiddir».

Şirkətin üzərində işlədiyi problemli borcların 300-ə qədəri bankların telefon alışı üçün verdiyi kreditlərdir. Onların arasında hətta 40 manatlıq kreditlər də var: «Belə borcların yığılması üçün sifarişlər tək-tək deyil, portfel şəklində qəbul edilir».

S.Mustafayev bildirib ki, agentliyin müştəriləri arasında hətta bir dövlət şirkəti də var, hansı ki, yerinə yetirilmiş müqaviləyə görə pulunu ala bilmir. Bəzi şirkətlər isə özlərini problemli kreditlərdən əvvəlcədən sığortalamağa çalışır: «Elə şirkətlər də var ki, hətta kreditləşməyə başlamamış bizimlə müqavilə bağlayır ki, gələcəkdə verəcəkləri kreditlərdə problem yaranarsa, onların yığılmasına kömək edək».

«BOA» rəhbərinin sözlərinə görə, kollektorun xidmətlərindən adi şəxslər - kiməsə borc verib geri ala bilməyənlər də istifadə edə bilərlər. Bir şərtlə ki, bu borc notarial qaydada təsdiqlənmiş olsun.

Ümumilikdə fəaliyyətə başladığı 7-8 ay ərzində «BOA» agentliyi ona verilən borc portfelinin 30%-ə qədərini toplayıb qaytarıb: «Elə müştərilərimiz var ki, məsələn, mağazalar, artıq onların problemli borclarını tam yığıb qurtarmışıq».

Şirkət rəhbəri bildirib ki, agentlikdə xidmət haqqı borcun tarixindən asılı olaraq borcun məbləğinin 20-55%-ni təşkil edir. Çünki köhnə borcları qaytarmaq daha çətin olduğuna görə, borc köhnəldikcə xidmət haqqı da artır, ən çətin borc sayılan 4 ilin borcu üçün xidmət haqqı 50%-dir. Fiziki şəxslərdə xidmət haqqı nisbətən aşağıdır – 15-20%. Çünki onların işləri banklardakı kimi mürəkkəb olmur.

«BOA» kollektor agentliyi təkcə Bakıda deyil, bölgələrdə də işləyir: «Bizim artıq Gəncə və Naxçıvanda da müştərimiz olub. Borcalanlar arasında müxtəlif şəhər və rayonlarda yaşayanlar çoxdur. Ona görə də əsas ofisimiz Bakıda olsa da, əməkdaşlarımız tez-tez rayonlara da ezamiyyətə gedir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR