Cümhuriyyət Xalq Partiyası Məclisinin üzvü, Türkiyənin tanınmış həkimi, professor Zəki Kılıçaslanın APA-ya müsahibəsi
- Naxçıvanda ağ ciyər xəstəliyindən əziyyət çəkən bəzi şəxsləri müalicə etmək istədiyinizə dair keçən il agentliyimiz vasitəsiylə müraciətiniz olmuşdu. Xəstələrin aqibəti necə oldu?
- Bilirsiniz ki, daha əvvəl də eyni məzmunlu müraciətlər etmişdik. Türkiyənin toxuculuq və geyim sənayesinin bəzi emalatxanalarında insan səhhətinə mənfi təsir göstərən işlər görülürdü, biz buna qarşı mübarizə apararaq o emalatxanaların bağlanmasına və ölkəsindən asılı olmayaraq, orada işləyənlərə pensiya verilməsinə nail olduq. Həmin emalatxanalarda işləyəndən sonra Naxçıvana qayıdan bəzi işçilərdə ağ ciyər xəstəliklərinin yenidən meydana çıxdığına dair xəbər alan kimi oraya gedib xəstələri müalicə etməyə çalışdıq. Sizin vasitənizlə etdiyimiz müraciətə də özümüzün yazdığımız məktublara cavab ala bilmədik. Buna təəssüflənirik.
- Son qurultayda ikinci sıradan Cümhuriyyət Xalq Partiyası (CHP) Məclisinə üzv seçildiniz. Partiyanızın xalq arasındakı reytinqindən razısınızmı?
- Cümhuriyyət Xalq Partiyası bu ölkənin dövlətini quran partiyadır. Ölkəmizin inkişafı üçün ən mühüm işləri bizim partiyamız görüb. CHP-nin sabit şəkildə 25-26% səs alması onu Avropanın ən böyük sosial-demokrat partiyası halına gətirsə də, bunun iqtidar olmaq üçün kifayət etmədiyini hamımız görürük. Hazırda partiyamızın o xətdə sıxışıb qalması heç kimi məmnun etmədiyi kimi, Türkiyədə də problemlərin getdikcə çoxalmasına səbəb olur.
- Partiyanız yeni siyasət yarada bilmirmi, narazısınızmı?
- Mən bütün partiyalarda ölkənin məsələlərinin demokratik şəkildə müzakirə edilməsinin tərəfdarıyam. Siyasətə baxışım bundan ibarətdir: niyə iqtidardakı Ədalət və İnkişaf Partiyası (AKP) 16 ildən bəri Türkiyənin hər yerindən səs alır, biz ala bilmirik? Niyə ölkənin bütün bölgələrinə və cəmiyyətin bütün təbəqələrinə açıla bilmirik?
- Niyə?
- Məncə, dövləti quran partiya kimi biz hazırda dövlətçi siyasətlə birlikdə sosial-demokrat siyasəti də ön plana çıxarmalıyıq. Ölkədə fəhlənin, kəndlinin, sıravi məmurun vəziyyətini görürsünüz. Biz, hamıdan əvvəl, onlarla dialoq yaradaraq problemlərinə qulaq asmalı və ona uyğun siyasət mexanizmləri üzərində çalışmalıyıq. Partiyanın Ankaradakı baş qərargahından çıxaraq gecə-gündüz xalqın arasında olmalıyıq. Bütün siyasi qurumlar kimi CHP-də də zamanın tələblərinə uyğun dəyişikliklər qaçılmazdır. Bunu cəmiyyətimiz və dünya tələb edir, cəmiyyətin tələblərini qulaq ardına vuraraq siyasətə güclü şəkildə davam etmək olmaz.
- CHP İstanbul vilayət təşkilatının sədri Canan Kaftançıoğlu kimi?
- Mən daima siyasi cərəyanın sol cinahında olmuşam, cəmiyyətin kasıb təbəqələrinin problemlərini çox yaxşı bilirəm. İstanbul vilayət təşkilatımızın sədrinin addımlarını təqdir edirəm, partiyamızı köhnə qəliblərdən xilas etməliyik. Bu cəsur addımlarına görə, Kaftançıoğlunun üzərində elə bir təzyiq oldu ki, az qala istefa verirdi.
- Bütün bu məsələlər barədə partiyanızın məclis iclaslarında ətraflı şəkildə danışa bilirsinizmi?
- Mən heç vaxt heç nədən çəkinmədən danışmışam və danışıram. Məclisin bəzi üzvləri deyir ki, susmaq daha yaxşıdır, yoxsa millət vəkili siyahısına daxil edilməzsən. Mənim işə heç bir ehtiyacım yoxdur. 10-dan artıq dərnəyin və vəqfin başqanı və idarəçisiyəm, işlərdən başımı qaşıya bilmirəm. Millət vəkili olmaq əsas hədəfim deyil. Hədəfim cəmiyyətin dərdlərinə ən qısa vaxtda çarə tapmaqdır. Qonşu ölkələrdə nələrin cərəyan etdiyinə baxın.
- Yoxsa partiya məclisinin iclaslarında beynəlxalq məsələlər barədə də danışırsınız?
- Nə danışmayım? Hamımız danışmalıyıq. Türkiyənin ən mühüm məsələsi kürd məsələsidir. Bu məsələni özümüz həll etməliyik. Başqa ölkələr bu işlərə müdaxilə edəndə ən böyük ziyanı biz görürük və görməyə davam edəcəyik. Ölkəmizdə demokratiyanı dərinləşdirərək kürd mənşəli vətəndaşlarımızın haqlarını verməliyik. Terror təşkilatlarının kürd mənşəli vətəndaşlarımızın milli duyğularını istismar etmələrinə imkan verməməliyik. Hökumətin Suriyaya qarşı yürütdüyü səhv siyasətin bizi haralara gətirdiyini görün. Türkiyə siyasi sistemi, iqtisadiyyatı və demokratiyası ilə bölgədəki kürdlərə örnək və cazibə mərkəzi olmalıdır. Biz bölgənin bütün kürdlərini öz tərəfimizə çəkməyi bacarmalıyıq. Bunu bir tərəfə qoyub “Müsəlman qardaşlar-sələfi” dini cərəyanları ilə əməkdaşlıq edirlər. Bu, bizi ancaq və ancaq uçuruma apara bilər. Partiya Məclisində mənə deyirlər ki, səhiyyə məsələləri ilə məşğul ouml. Mən siyasətçiyəmsə, ölkəmin əsas problemlərini necə görməyib, onlar barədə necə fikir yürütməyə bilərəm? Kürd məsələsinin köklü şəkildə həll edilməsinə dair uzun müddətli araşdırmalarımın nəticəsi olan proqram hazırlamışam. Terror təşkilatını cəsur addımlar ataraq, bu problemdən kənarlaşdıracaq, məsələni həmişəlik həll edəcəyik.
- 24 iyunda həm prezident, həm də parlament seçkisi keçiriləcək. Problemləri həll etmək üçün irəli sürdüyünüz təkliflər partiyanız tərəfindən qəbul edilməsə, istefa verəcəksiniz, yoxsa millət vəkili olmağa çalışacaqsınız?
- Mənim heç bir siyasi kresloda gözüm yoxdur. Təkliflərimin partiyamda qəbul ediləcəyinə və həyata keçiriləcəyinə inanıram. Millət vəkili siyahısında adımın olub-olmayacağı partiyamın seçimidir. Parlamentdə mübarizə aparmağın daha təsirli nəticələr verəcəyinə inanıram. İndi bütün gücümüzü iki seçkidən də qalib çıxmağa sərf etməliyik. Yaxın günlərdə seçki meydanlarına enəcəyik.